BAKI,VOA, Fərid Mikayılov
İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəz Şəkərçi ABŞ və müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, İranın infrastrukturuna qarşı yeni hücumlar baş verəcəyi təqdirdə Tehran buna "çox dağıdıcı" cavab verəcək.
VOA xəbər verir ki, Şəkərçinin sözlərinə görə, İran Silahlı Qüvvələri mümkün hərbi ssenarilərə tam hazırdır və ölkəyə qarşı istənilən yeni hücum və ya hərbi əməliyyata qəti şəkildə cavab veriləcək.
"Əgər bizim infrastrukturumuza zərər dəyərsə, bölgədəki bütün infrastruktur obyektləri bizim hədəfimizə çevriləcək", – deyə o bildirib.
İranlı general qeyd edib ki, əgər rəqibləri İranı məhv etmək imkanına malik olsaydılar, bunu gecikdirmədən həyata keçirərdilər.
Şəkərçi həmçinin ABŞ və İsraili regionda sabitliyi pozmaqda ittiham edərək onların Yaxın Şərqdə hərbi mövcudluğunu tənqid edib.
Onun sözlərinə görə, ABŞ və İsrailin regionda mövcudluğu uzun illərdir təhlükəsizlik problemlərinə səbəb olur və İran ABŞ qüvvələrinin bölgədən çıxarılmasını tələb etməkdə israrlıdır.
Briqada generalı əlavə edib ki, Hörmüz boğazı üzərində İranın suverenliyi bölgə üçün təhlükə deyil, əksinə, təhlükəsizliyin təminatıdır. O vurğulayıb ki, Tehran Hörmüz boğazı məsələsində öz mövqeyindən geri çəkilməyəcək.