#ABŞ və İran münasibətləri

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə mümkün yeni qarşıdurma ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, İranın son müharibə dövründə əldə etdiyi təcrübə və kəşfiyyat məlumatları gələcək hərbi ssenarilərdə ciddi fərqlər yarada bilər.

ABŞ Maliyyə naziri Scott Bessent, ABŞ-ın İran limanlarına qarşı bir ay davam edən blokadasının “böyük uğurla nəticələndiyini” və İran hökumətinə ciddi təzyiq göstərdiyini bildirib. Bessent, İranın iqtisadi sıxışdırılmasının ən yaxşı mübarizə yolu olduğunu vurğulayıb və əlavə edib ki, blokada nəticəsində İranın neft ehtiyatlarını saxlamaq çətinləşib, bu da hasilatın azaldılmasına səbəb olacaq.

İki milyon barel İraq xam nefti daşıyan Çinə məxsus "Yuan Hua Hu" adlı supertanker, Hörmüz boğazını keçib və hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmilərinə qarşı yaratdığı blokadaya baxmayaraq, Oman körfəzi yaxınlığında lövbər salıb. Bu, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından bəri Çin neft tankerinin bu su yolundan keçməsi ilə bağlı məlum olan üçüncü haldır.

ABŞ mediası İranın hücumlarının Yaxın Şərqdə yerləşən Amerika hərbi infrastrukturu üçün ciddi nəticələr doğurduğunu bildirir. Məlumata görə, bəzi obyektlər ciddi əməliyyat zərbəsinə məruz qalıb, bir sıra hərbi infrastrukturlar isə tam yararsız vəziyyətə düşüb. Hücumların əsasən region üzrə yerləşdirilmiş müasir radar sistemlərinə, rabitə şəbəkələrinə, raketdən müdafiə vasitələrinə və hərbi aviasiyaya yönəldiyi bildirilir.

Donald Tramp administrasiyası İranla gərginliyin davam etdiyi bir şəraitdə Hürmüz boğazında dəniz nəqliyyatını yenidən canlandırmaq üçün beynəlxalq koalisiya formalaşdırmağa başlayıb. ABŞ Dövlət Departamentinin rəsmisi Hürmüz boğazı ilə bağlı yeni koalisiya cəhdləri barədə yayılan xəbərləri təsdiqləyib. "Wall Street Journal" (WSJ) qəzetinin ilk olaraq paylaşdığı məlumata görə, yeni yaradılan "Dəniz Yolu Azadlığı Bölməsi" (MFC) gəmilərin bu sulardan təhlükəsiz keçidini təmin etmək üçün fəaliyyət göstərəcək. Qurum real vaxt rejimində məlumat mübadiləsi, təhlükəsizlik təlimatları və koordinasiya işlərini həyata keçirəcək.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əvvəlki danışıqlar prosesində ABŞ və İsrailin hücumlarına məruz qaldığını xatırladaraq, bənzər cəhdlərin təkrarlanma ehtimalının hələ də qaldığını bildirib. "Fars" xəbər agentliyinin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Regional məsələlərin və ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə Pezeşkian rəsmi Tehranın münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək tərəfdarı olduğunu vurğulayıb. Lakin o, acı təcrübəni də diqqətə çatdırıb: "İran məsuliyyət hissi çərçivəsində ixtilafları hər zaman diplomatiya yolu ilə həll etməyə çalışıb. Lakin danışıqlar getdiyi bir vaxtda ABŞ və İsrail iki dəfə İrana hücum etdi. Belə bir addımın yenidən atılma ehtimalı var".

ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aprelin 19-da ələ keçirilən İrana məxsus "Touska" yük gəmisinin heyət üzvlərindən 6 nəfərinin sərbəst buraxıldığı bildirilib. İranın rəsmi "Tasnim" xəbər agentliyinə danışan adı açıqlanmayan rəsmi nümayəndə, gəmidə olan 28 heyət üzvündən 6-sının artıq azad edilərək İrana qayıtdığını təsdiqləyib. O, yerdə qalan 22 nəfərin də sərbəst buraxılması üçün diplomatik səylərin və rəsmi cəhdlərin davam etdiyini qeyd edib.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin ölkəni daxildən zəiflətmək üçün yeni bir mərhələyə keçdiyini bildirib. Rəsmi IRNA agentliyinin məlumatına görə, Qalibaf bu strategiyanın dörd əsas istiqamət üzərində qurulduğunu vurğulayıb: dəniz blokadası, mediya vasitəsilə aparılan təbliğat, iqtisadi təzyiqlər və cəmiyyət daxilində nifaq salmaq cəhdləri.

ABŞ Prezidenti Donald Trampın İranın limanlarına qarşı tətbiq edilən dəniz blokadasının müddətini uzatmaq barədə məsləhətçilərinə tapşırıq verməsi həm regional hərbi gərginliyi, həm də qlobal enerji bazarlarını yeni mərhələyə daşıyıb. "Wall Street Journal"ın (WSJ) ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp bu addımla Tehranı nüvə proqramında ciddi güzəştlərə məcbur etmək və ölkənin iqtisadi resurslarını tamamilə tükəndirmək niyyətindədir.

"Wall Street Journal" qəzetinin İranın Əmək və Sosial Rifah Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən yaydığı məlumata görə, davam edən hərbi əməliyyatlar ölkənin əmək bazarında fəlakətli vəziyyət yaradıb. İlkin rəsmi qiymətləndirmələrə görə, müharibənin başlanmasından bəri 2 milyona yaxın iranlı gəlir mənbəyini itirib.