BAKI,VOA, Fərid Mikayılov
İranın ABŞ ilə danışıqlar prosesini vitse-prezident Cey Di Vens vasitəsilə aparmağa üstünlük verdiyi iddia olunur.
VOA xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı başladığı və qarşılıqlı hücumlarla davam edən regional gərginlik fonunda yayılan məlumata görə, Tehran Vaşinqtonla danışıqlarda yalnız müəyyən şəxslərlə təmas qurmaq niyyətindədir.
CNN-in regional mənbələrə istinadən yaydığı xəbərdə bildirilir ki, İran tərəfi ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və ya Cared Kuşner əvəzinə, danışıqları vitse-prezident Cey Di Vens ilə aparmağa üstünlük verir.
Mənbələrə görə, Vens digər ABŞ rəsmilərindən fərqli olaraq müharibənin dayandırılması məsələsində “daha müsbət mövqedə” görünür və onun münaqişənin sona çatdırılmasına daha meyilli olduğu düşünülür.
Ağ Evin mətbuat katibi Karolin Livitt isə bildirib ki, ABŞ-ni danışıqlarda kimin təmsil edəcəyinə yalnız prezident qərar verəcək. O qeyd edib ki, Venslə yanaşı, dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Vitkoff və Cared Kuşner də prosesdə iştirak edə bilər.