BAKI,VOA,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri Livanın cənubunda vəziyyətin hələ də kövrək olduğunu bildirib. Qurumun məlumatına görə, ilin əvvəlki dövrü ilə müqayisədə zorakılığın səviyyəsi azalsa da, bölgədə təhlükəsizliklə bağlı ciddi narahatlıqlar qalmaqdadır.
VOA xəbər verir ki, BMT qüvvələri avqustun 21-dən 27-dək Livanın cənubunda ümumilikdə 1030 mərminin uçuş istiqamətini qeydə alıb. Bu, gün ərzində orta hesabla 147 mərmi uçuşu deməkdir.
BMT qüvvələri rəqəmlərin arxasında mülki əhalinin üzləşdiyi ciddi itkilərin və dağıntıların dayandığını vurğulayıb. Bildirilib ki, davam edən qarşıdurmalar nəticəsində yaşayış evlərinə və mühüm infrastruktur obyektlərinə ziyan dəyib.
Açıqlamaya görə, bölgədə yaşayan insanlar hərbi qarşıdurmaların nəticələrindən sonra normal həyata qayıtmaqda çətinlik çəkirlər. Zərər çəkmiş yaşayış məntəqələrinin bərpası da təhlükəsizlik vəziyyətinin qeyri-sabit qalması səbəbindən çətinləşir.
BMT qüvvələri Livanın cənubundakı hadisələri yaxından izləməyə davam etdiyini bildirib. Bölgədəki hərbi fəallığın yenidən genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısının alınması əsas məqsədlərdən biri kimi göstərilib.
Qurum tərəflərlə əlaqələrin davam etdirildiyini və gərginliyin daha da artmasının qarşısını almaq üçün fəaliyyət göstərildiyini açıqlayıb. Bununla yanaşı, Livanın cənubundakı hazırkı vəziyyətin hələ də həssas və təhlükəli olduğu vurğulanıb.