BAKI,VOA Orxan Qədirzadə
İsrail qüvvələri Suriyanın cənub-qərbində yerləşən Kuneytra vilayətində evə basqın edib, Livanın cənubunda isə atəşkəsə baxmayaraq hava və artilleriya zərbələri endirib.
İsrail əsgərlərinin Kuneytranın şimal kəndlərindən Terencə daxil olaraq bir evdə axtarış apardığı bildirilir. Suriya dövlət televiziyasının məlumatına görə, basqın zamanı saxlanılan şəxslərlə bağlı əlavə məlumat verilməyib.
Kuneytra və Dəra vilayətləri son dövrlərdə İsrail qüvvələrinin qurudan müdaxilə, basqın, axtarış və hərbi nəzarət məntəqələri yaratması ilə bağlı xəbərlərlə gündəmə gəlir.
Livanda isə İsrail ordusunun cənub bölgələrinə hava və artilleriya zərbələrini davam etdirdiyi bildirilir. Sur şəhərinə bağlı əl-Mənsuri qəsəbəsi, Buyut əs-Siyad, Məcdəlzun, Hədasə, Hula, Bəni Həyyan, Sarbin, Beyt Lif və Yatər daxil olmaqla bir sıra yaşayış məntəqələri hücumlara məruz qalıb.
Məlumata görə, bəzi ərazilərdə evlər yandırılıb, binalar dağıdılıb, artilleriya atəşləri açılıb və pilotsuz uçuş aparatlarından istifadə olunub. İsrailə məxsus pilotsuz uçuş aparatlarının Beyrut, Dahiya və Zahrani səmasında aşağı hündürlükdə uçduğu da bildirilib.
Livan hakimiyyətinin məlumatına görə, İsrailin martın 2-də başladığı son hücumlardan sonra 4 350 nəfər həyatını itirib, 12 307 nəfər yaralanıb, 1 milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
İsrail qüvvələrinin Livan ərazisində irəliləyişinin bəzi bölgələrdə 10 kilometrdən çox olduğu bildirilir.