BAKI,VOA,Yusif Şərifzadə
Serbiya Prezidenti Aleksandar Vuçiç keçmiş Bosniya serb ordusunun komandanı Ratko Mladiçin Serbiyada vəfat etməsinə icazə vermədiyinə görə Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri üzrə məhkəmə qurumunu sərt tənqid edib. O, qurumun davranışını “qeyri-sivil” adlandırıb və Belqradın Mladiçin nəşinin Serbiyaya qaytarılıb-qaytarılmayacağı barədə hələ də məlumat gözlədiyini bildirib.
VOA xəbər verir ki, Ratko Mladiç cümə axşamı Haaqada BMT-nin saxlanma mərkəzində 83 yaşında vəfat edib. O, 1992-1995-ci illərdə Bosniya müharibəsi zamanı törədilmiş soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə təqsirli bilinərək ömürlük həbs cəzası çəkirdi.
Vuçiç jurnalistlərə açıqlamasında Haaqadan Mladiçin nəşinin təhvil verilməsi ilə bağlı Serbiya tərəfinə hələ heç bir məlumat daxil olmadığını deyib. O bildirib ki, Mladiçin ailəsi müraciət edərsə, Serbiya hakimiyyəti onun ölkədə dəfninin təşkilinə kömək edəcək.
Mladiç ötən ay səhhətinə görə Serbiyaya buraxılması və həyatının son günlərini orada keçirməsi üçün müraciət etmişdi. Lakin məhkəmə onun səhhətinin ağır, ancaq sabit olduğunu və saxlanma mərkəzində lazımi tibbi nəzarətin təmin edildiyini əsas gətirərək müraciəti rədd etmişdi.
Vuçiç Haaqa məhkəməsinin Mladiçin həbsdə ölməsini istədiyini iddia edib. Serbiya Prezidenti onun öz istəyinə uyğun olaraq Serbiyada vəfat etməsinə imkan verilməməsini əsassız və qəbuledilməz davranış kimi qiymətləndirib.
Keçmiş Yuqoslaviya üzrə müharibə cinayətləri məhkəməsindən qalan işlərə nəzarət edən BMT qurumu Mladiçin nəşinin Serbiyaya təhvil verilib-verilməyəcəyi ilə bağlı hələlik açıqlama verməyib.