BAKI,VOA Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında 2025-ci ildə yaranan kəskin qarşıdurmadan sonra münasibətlər yenidən normallaşmağa başlayıb.
Mask 2024-cü il prezident seçkiləri kampaniyasında Trampa təxminən 300 milyon dollar dəstək verib və onun ikinci prezidentlik dövrünün ilk aylarında Ağ Evdə hökumətin ixtisarı prosesində iştirak edib. Lakin tərəflər 2025-ci ilin iyununda vergi və xərclər qanunu, dövlət müqavilələri və digər məsələlərə görə açıq şəkildə qarşı-qarşıya gəliblər.
Münasibətlərin bərpasında vitse-prezident Cey Di Vens və Ağ Ev aparatının rəhbəri Suzi Uaylsın pərdəarxası səylərinin mühüm rol oynadığı bildirilir. Tərəflər daha sonra yenidən telefonla əlaqə saxlayıb və görüşüblər.
2026-cı ildə Trampın Çinə səfəri zamanı Maskın prezidentə ABŞ-da yeni zavodlar tikmək planlarından danışdığı və Respublikaçılara noyabrda keçiriləcək aralıq seçkilərdə dəstək vermək niyyətini açıqladığı qeyd olunur. Məlumata görə, Mask seçki kampaniyalarına ən azı 100 milyon dollar xərcləməyi planlaşdırır.
Analitiklər münasibətlərin bərpasını ABŞ-da siyasi hakimiyyətlə böyük biznes arasındakı qarşılıqlı maraqların yenidən ön plana çıxması kimi qiymətləndirirlər. Bununla belə, Trampın yaxın çevrəsinə münasibətlərin əvvəlki səviyyəyə qayıtmayacağını bildirdiyi qeyd olunur.