Reuters/Ipsos-un keçirdiyi yeni sorğu amerikalıların əksəriyyətinin ABŞ Prezidenti Donald Tramp və ailəsinin hakimiyyətə qayıtdıqdan sonra kriptovalyuta biznesindən qanunsuz şəkildə faydalandığını düşündüyünü göstərib.
Avqustun 14-17-də 1166 nəfərin iştirakı ilə keçirilən sorğuya əsasən, respondentlərin 63 faizi Tramp və ailəsinin bu sahədən qazanc əldə etməsini yolverilməz hesab edir. Eyni zamanda, amerikalıların 69 faizi prezidentin şəxsi biznes maraqlarının siyasi qərarlarına təsir etdiyinə inanır.
Sorğuda diqqət çəkən məqamlardan biri Tramp tərəfdarı respublikaçıların mövqeyidir. Respondent respublikaçıların təxminən yarısı prezidentin biznes maraqlarının siyasi qərarlarına təsir etdiyini düşünür, onların 30 faizi isə Tramp və ailəsinin kriptovalyuta sövdələşmələrini düzgün hesab etmir.
Tramp isə ikinci prezidentlik dövründə ailəsinin biznes fəaliyyətinə birbaşa müdaxilə etmədiyini və investisiyaların müstəqil maliyyə qurumları tərəfindən idarə olunduğunu bildirir. Ağ Ev də prezidentlə bağlı maraqlar toqquşması və qanun pozuntusu ittihamlarını rədd edir.
Sorğunun nəticələri Tramp administrasiyası, şəxsi biznes maraqları və kriptovalyuta siyasəti arasında əlaqələrlə bağlı ABŞ cəmiyyətində ciddi narahatlığın olduğunu göstərir.