BAKI,VOA,Yusif Şərifzadə
Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin xarici işlər nazirləri ABŞ ilə İran arasında davam edən danışıqlar və Hörmüz boğazındakı təhlükəsizlik vəziyyətini videokonfrans formatında müzakirə ediblər.
VOA xəbər verir ki, Oman Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, görüş zamanı Hörmüz boğazında gəmiçilik azadlığının və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması üçün koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Bəyanatda qeyd olunub ki, tərəflər regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə siyasi və diplomatik həll yollarına üstünlük verilməsinin zəruriliyini də ön plana çıxarıblar.
Videokonfrans iştirakçıları ABŞ və İran arasında davam edən danışıqların regional sabitliyə təsirlərini qiymətləndirərək, gərginliyin azaldılması istiqamətində birgə fəaliyyətin vacibliyini müzakirə ediblər.
Görüşün yekununda hər hansı yeni qərar və ya əlavə təşəbbüs barədə məlumat açıqlanmayıb.