BAKI,VOA,Yusif Şərifzadə
İran ABŞ Prezidenti Donald Trampın ölkənin dondurulmuş aktivləri ilə bağlı açıqlamalarından sonra sərt bəyanat yayıb. Tehran bildirib ki, İranın dondurulmuş maliyyə vəsaitlərindən istifadə edən istənilən ölkə və ya şirkətin Hörmüz boğazından keçidinə icazə verilməyəcək.
VOA xəbər verir ki, İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü yaydığı bəyanatda Donald Trampın İranın dondurulmuş aktivlərindən gəmilərə və yüklərə dəyən zərərin ödənilməsi üçün istifadə olunacağı barədə təklifini "qanunsuz addım" adlandırıb.
Bəyanatda qeyd olunub ki, Trampın bu təklifini qəbul edən və İranın bloklanmış aktivlərindən istifadə edən bütün ölkələr və şirkətlərə qarşı Hörmüz boğazından keçidlə bağlı məhdudiyyət tətbiq ediləcək.
İran tərəfi Vaşinqtonun bu mövqeyini beynəlxalq hüquqa zidd hesab etdiyini vurğulayıb və onu bölgədə gərginliyi artıran addım kimi qiymətləndirib.
ABŞ tərəfi isə İranın son bəyanatına hələlik rəsmi münasibət bildirməyib.