BAKI,VOA,Yusif Şərifzadə
İranın Çindəki səfiri Əbdülrza Rəhmani Fəzli bildirib ki, Tehran ABŞ-yə etibar etmir. Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının yenidən başlamasına baxmayaraq, Vaşinqtonun öhdəliklərinə əməl etməməsi İranın mövqeyini dəyişməyib.
VOA xəbər verir ki, Əbdülrza Rəhmani Fəzli Pekində yerləşən İran səfirliyində jurnalistlərə açıqlamasında İranın yalnız ABŞ tərəfindən həyata keçirilən hücumlara cavab olaraq qarşılıq verdiyini bildirib.
Səfir vurğulayıb ki, İran müdafiə hüququnu qorumaqla yanaşı, danışıqlara da hazır olduğunu dəfələrlə bəyan edib. Bununla belə, onun sözlərinə görə, ABŞ-ın İslamabad Anlaşma Memorandumu üzrə öhdəliklərinə əməl etməməsi və verdiyi vədlərdən geri çəkilməsi səbəbindən Tehranın Vaşinqtona etimadı qalmayıb.
Əbdülrza Rəhmani Fəzli, həmçinin Çinin sülh danışıqlarında aparıcı vasitəçi rolunu oynaya biləcəyini də istisna etməyib.
ABŞ tərəfi İran səfirinin bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.