BAKI,VOA, Fərid Mikayılov
ABŞ hava hücumundan müdafiə sistemlərinin istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək üçün yeni addım atıb. Bu məqsədlə Patriot və THAAD sistemlərində istifadə olunan ələkeçirici raketlərin istehsal imkanlarının artırılmasını nəzərdə tutan iki uzunmüddətli çərçivə sazişi imzalanıb.
VOA xəbər verir ki, ABŞ Ordusu, L3Harris Technologies və Lockheed Martin şirkətləri arasında bağlanan yeddi illik sazişlər PAC-3 MSE və THAAD raketləri üçün raket mühərriklərinin və digər hərəkətverici komponentlərin istehsalını əhatə edir.
Sazişlər çərçivəsində L3Harris şirkətinin PAC-3 MSE raketləri üzrə istehsal gücünün təxminən üç dəfə, THAAD raketləri üzrə isə dörd dəfə artırılması planlaşdırılır. Müqavilələr ilin sonunadək yekunlaşdırılarsa, bu, şirkətin indiyədək aldığı ən iri hərəkətverici sistem sifarişləri olacaq.
PAC-3 MSE proqramı çərçivəsində ikili impulslu bərk yanacaqlı raket mühərrikləri, istiqamətləndirmə mühərrikləri və raketin döyüş effektivliyini artıran partlayıcı alt sistemlər istehsal ediləcək. İllik istehsalın təxminən 600 raketdən 2 min raketə çatdırılması nəzərdə tutulur.
THAAD proqramı çərçivəsində isə bərk yanacaqlı raket mühərrikləri və uçuşun son mərhələsində kinetik məhvetmə blokunu hədəfə yönəldən idarəetmə sistemləri istehsal olunacaq. Bunun nəticəsində THAAD raketlərinin illik istehsal həcminin 96-dan 400-ə yüksəldilməsi planlaşdırılır.
Məlumata əsasən, istehsalın genişləndirilməsinin əsas səbəbi İranla münaqişə zamanı Patriot və THAAD sistemlərinin intensiv istifadəsi nəticəsində ABŞ-ın raket ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasıdır.
Bildirilir ki, ABŞ həmin münaqişə dövründə təxminən 2 minə yaxın PAC-3 raketindən istifadə edib. PAC-3 MSE raketlərinin istehsal və ehtiyatların bərpası təxminən 3,5 il, THAAD raketləri üçün isə 4,5 il vaxt tələb edir.
ABŞ ordusu ehtiyatların bərpası məqsədilə 2027-ci maliyyə ili üçün 857 THAAD və 3 203 Patriot ələkeçirici raket sifariş edib. Bununla belə, sifarişlərin böyük hissəsinin tədarükünə 2029-cu ildən əvvəl başlanılmasının gözlənilmədiyi bildirilir.