BAKI,VOA,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi arasında telefon danışığı baş tutub. Tərəflər ABŞ və İsrail arasında İranla bağlı davam edən qarşıdurmanın dayandırılması istiqamətində diplomatik səyləri və Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər.
VOA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Abbas Əraqçi yaponiyalı həmkarına regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş diplomatik prosesin son vəziyyəti barədə məlumat verib.
Bəyanata görə, tərəflər Hörmüz boğazında təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması və dəniz nəqliyyatının maneəsiz fəaliyyətinin bərpası üçün koordinasiyanın və birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Məlumata əsasən, Yaponiya xam neft idxalının 90 faizdən çoxunu Hörmüz boğazı vasitəsilə həyata keçirir. Bu səbəbdən boğazda təhlükəsizliyin qorunması Tokio üçün strateji əhəmiyyət daşıyır.
Telefon danışığı ilə bağlı Yaponiya Xarici İşlər Nazirliyinin əlavə açıqlaması təqdim olunan məlumatda yer almayıb.