BAKI,VOA,Yusif Şərifzadə
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində baş verdiyi bildirilən bıçaqlı hücumdan sonra Nablus şəhəri yaxınlığındakı Beyt Furik kəndini bağladığını açıqlayıb.
VOA xəbər verir ki, İsrail hərbi qurumunun yaydığı məlumata görə, iki nəfər bir İsrail vətəndaşına bıçaqla hücum edib. Bildirilir ki, hadisə yerində olan digər bir mülki şəxs hücum edənləri zərərsizləşdirib.
Məlumata əsasən, yaralanan 51 yaşlı İsrail vətəndaşı helikopterlə xəstəxanaya çatdırılıb.
İsrail ordusu, həmçinin Nablusun cənub-şərqində yerləşən İtamar yaşayış məntəqəsi yaxınlığında baş vermiş yanğınlarla bağlı Beyt Furik kəndindən olan fələstinliləri ittiham edib.
Lakin Fələstinin WAFA xəbər agentliyi fərqli mövqe ortaya qoyaraq yanğınların ərazidə yaşayan İsrail məskunlaşmaçıları tərəfindən törədildiyini bildirib.
Hadisə ilə bağlı tərəflərin səsləndirdiyi iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.