BAKI,VOA
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PauerÇayna Risorsis" şirkətinin prezidenti Yanq Tyanfu ilə görüş keçirib. Görüşdə enerji, mineral ehtiyatlar və su resurslarının səmərəli idarə olunması sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
İqtisadiyyat Nazirliyi xəbər verir ki, görüş zamanı Azərbaycanın əlverişli biznes və investisiya mühiti, eləcə də enerji ixracı potensialı barədə qarşı tərəfə ətraflı məlumat təqdim edilib.
Tərəflər Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətlərini, bərpa olunan enerji mənbələrinin inkişafı üzrə həyata keçirilən birgə təşəbbüsləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Müzakirələrdə günəş və külək elektrik stansiyalarının tikintisi istiqamətində görülən işlər, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak imkanları, həmçinin enerji, mineral ehtiyatlar və su resurslarının səmərəli idarə olunması sahəsində birgə fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə qeyd olunub ki, yaşıl enerji layihələrinin genişləndirilməsi Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın inkişafına və dayanıqlı enerji siyasətinin gücləndirilməsinə mühüm töhfə verə bilər.