İran Hörmüz boğazından keçid qaydalarını pozduğunu bildirdiyi 45 tankeri “qara siyahı”ya salıb. Tehran həmin gəmilərin gələcək keçidlərinə qarşı tədbirlər görüləcəyini açıqlayıb. Məhdudiyyətlər bu tankerlərlə yük ötürən digər gəmilərə də şamil oluna bilər. İran bütün gəmilərin adlarını hələlik açıqlamayıb. Tankerlərin konkret hansı qaydaları pozduğu barədə də ətraflı məlumat verilməyib. Qərar Hörmüz boğazında gərginliyin davam etdiyi bir dövrdə qəbul olunub. Eyni zamanda, ABŞ İrana qarşı yeni və daha sərt iqtisadi sanksiyalar hazırlayır. Qarşılıqlı addımlar regionda dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlığı artırır.
#neft tankerləri
Çinin dövlət nəzarətində olan iki böyük gəmiçilik şirkəti Yaxın Şərqin əsas dəniz keçidlərindən istifadəni məhdudlaşdırıb. Şirkətlər iyulun sonlarından tankerlərini Hörmüz və Bab əl-Məndəb boğazlarından uzaq saxlayırlar. Buna əsas səbəb bölgədə təhlükəsizlik risklərinin artmasıdır. Çin tankerləri neft yüklərini Körfəzdən kənarda, o cümlədən Füceyrə və Oman sahilləri yaxınlığında qəbul etməyə başlayıb. İki şirkətin ümumilikdə 100-dən çox iri neft tankeri var. Onların hər biri təxminən iki milyon barel neft daşıya bilir. Müharibədən əvvəl bu şirkətlər Çinin Yaxın Şərqdən neft idxalının təxminən yarısının daşınmasında iştirak edirdi. Yeni vəziyyət daşınma yollarının uzanmasına və nəqliyyat xərclərinin artmasına səbəb olur.
Hörmüz boğazından keçən gəmi naməlum mərminin zərbəsinə məruz qalıb, nəticədə mühərrik bölməsinə zərər dəyib və ekipaj üzvlərindən biri xəsarət alıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) bildirib ki, hadisə gəmi boğazdan çıxarkən baş verib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilib.
Səudiyyə Ərəbistanı Hörmüz boğazından keçən Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkətinə məxsus iki tankerə hücumu pisləyib. Ər-Riyad hücumların İran tərəfindən həyata keçirildiyini bildirib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hadisəni dəniz nəqliyyatı və qlobal enerji təchizatı üçün birbaşa təhdid adlandırıb. Nazirlik baş verənlərin nəticələrinə görə İranı tam məsuliyyət daşıyan tərəf hesab etdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri də İrana qarşı etirazını bildirib. Əbu-Dabinin Milli Neft Şirkəti iki gəmisinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını təsdiqləyib. Şirkət hadisənin nəzarət altına alındığını açıqlayıb. Hücum Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi və qlobal enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb.
Altı Səudiyyə Ərəbistanı tankeri Ədən körfəzində marşrutunu dəyişərək Cənubi Afrika istiqamətinə yönəlib. Reuters-in istinad etdiyi gəmi izləmə məlumatlarına görə, tankerlər Bəbülməndəb boğazından keçməkdən imtina ediblər. Bu qərar husilərin Səudiyyə gəmilərinə qarşı təhdidləri fonunda qəbul olunub. Son həftələrdə Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı risklər artıb. Hadisələrin neft qiymətlərinin yüksəlməsinə də təsir göstərdiyi bildirilir. Husilər isə hücumları Səudiyyə Ərəbistanının tətbiq etdiyi mühasirəyə cavab kimi qiymətləndirirlər.
İran SEPAH-ı Hörmüz boğazında iki neft tankerini vuraraq dayandırdığını iddia edib. Tehran tankerlərin icazəsiz marşrutdan istifadə etdiyini bildirir. İranın məlumatına görə, tankerlər ABŞ hərbi qüvvələrinin havadan müşayiəti altında hərəkət edirdi. SEPAH daha dörd tankerin də marşrutunu dəyişdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı bu iddiaları hələ şərh etməyib. UKMTO da bölgədə hücum qeydə almadığını bildirib. Hadisə ilə bağlı müstəqil təsdiq hələlik yoxdur.
ABŞ İrana qarşı yeni sanksiyalar paketi tətbiq edib. Məhdudiyyətlər səkkiz neft tankeri və 10 hüquqi şəxsi əhatə edir. Vaşinqton bu addımın "maksimum təzyiq" siyasətinin tərkib hissəsi olduğunu bildirir. ABŞ sanksiyaların İranın neft gəlirlərini məhdudlaşdırmağa yönəldiyini iddia edir. Yeni qərar Yaxın Şərqdə gərginliyin artdığı dövrdə qəbul edilib. İran yeni sanksiyalarla bağlı hələlik rəsmi mövqe açıqlamayıb. Yeni sanksiyalar Yaxın Şərqdə gərginliyin artdığı, ABŞ və İran arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxta təsadüf edir. Eyni zamanda, Hörmüz boğazında yaranmış vəziyyət səbəbindən qlobal enerji tədarükündə ciddi çətinliklərin yarandığı bildirilir.
SEPAH Hörmüz boğazında üç neft tankerini dayandırdığını açıqlayıb. İran tərəfi gəmilərin xəbərdarlıqlara əməl etmədiyini iddia edir. Tankerlərin kimə məxsus olduğu və hadisənin təfərrüatları açıqlanmayıb. Tehran Omanın sahilləri boyunca alternativ marşrutu qəbul etmədiyini bir daha bəyan edib. SEPAH ABŞ-ın bölgədəki fəaliyyətini də tənqid edib. ABŞ və gəmi sahibləri hələlik bu iddialara münasibət bildirməyiblər.
Fransa husilərin Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlarını pisləyib. Paris bu hücumları məsuliyyətsiz addım və təhlükəli eskalasiya adlandırıb. Fransa Xarici İşlər Nazirliyi husiləri hücumları dayandırmağa çağırıb. Husilər isə iki Səudiyyə tankerinə hücum etdiklərini və Riyada qarşı dəniz embarqosu tətbiq etdiklərini açıqlayıblar. Qrup bu addımı Yəmənə qarşı tətbiq olunduğunu iddia etdiyi mühasirəyə cavab kimi təqdim edib. Məlumata görə, ötən həftə Səudiyyə Ərəbistanı Səna hava limanına zərbə endirib. Yəməndə beynəlxalq səviyyədə tanınmış hökumətlə husilər arasında silahlı qarşıdurma davam edir.
Pakistanın Baş naziri Şahbaz Şərif husilərin Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlarını pisləyib. O, bu barədə Məhəmməd bin Salmanla söhbətində də mövqeyini ifadə etdiyini bildirib. Şərif hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hadisələr dənizdə sərbəst gəmiçiliyi və regional təhlükəsizliyi təhdid edir. Pakistanın Baş naziri ölkəsinin Səudiyyə Ərəbistanı ilə tam həmrəylik nümayiş etdirdiyini bildirib. O, regionda sabitliyin qorunmasının vacibliyini qeyd edib. Açıqlama "X" sosial şəbəkəsində yayımlanıb.
Hindistan İrandakı vətəndaşlarına səfərləri təxirə salmağı tövsiyə edib. Hindistan səfirliyi təhlükəsizlik vəziyyəti yaxşılaşana qədər İrana getməməyi məsləhət görüb. İranda olan hindistanlılardan isə ölkəni müvəqqəti tərk etmək imkanlarını nəzərdən keçirmələri istənilib. Bu addım ABŞ və İran arasında artan hərbi gərginlik fonunda atılıb. Hörmüz boğazında gəmiçilik və enerji daşımaları ilə bağlı narahatlıqlar artır. İran iki neft tankerinin zərər gördüyünü açıqlayıb. Bölgədəki qarşıdurma qlobal enerji bazarlarına təsir göstərə biləcək risklər yaradıb.
ABŞ və İran arasında artan gərginlik Hörmüz boğazında gəmi hərəkətinin azalmasına səbəb olub. Tankerlərin keçidi son iki ayın ən aşağı səviyyəsinə düşüb. Bir sıra gəmilər təhlükəsizlik səbəbindən izləmə sistemlərini söndürür. Kpler şirkətinin məlumatına görə, neft və qaz tankerlərinin hərəkəti mayın 25-dən bəri ən aşağı göstəricidədir. Ekspertlər bildirirlər ki, Hörmüz boğazının uzun müddət bağlanması qlobal enerji təchizatına ciddi təsir göstərə bilər. Belə vəziyyət neft qiymətlərinin artmasına və tanker bazarında problemlərə səbəb ola bilər. Hörmüz boğazındakı vəziyyət beynəlxalq enerji bazarları tərəfindən diqqətlə izlənilir.