Yaxın Şərq

İsrail ordusu, atəşkəs elan olunmasına baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir. Qəzzadakı Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından bu yana davam edən hücumlarda yaşanan can itkiləri ilə bağlı son məlumatları paylaşıb. Nazirliyin yazılı açıqlamasında bildirilir ki, Ramazan bayramının başladığı 20 mart tarixindən bəri Qəzzadakı xəstəxanalara 9 meyit və 30 yaralı gətirilib. Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 687 nəfərin öldürüldüyü, 1845 nəfərin yaralandığı, dağıntılar altından isə 756 cənazənin çıxarıldığı qeyd edilib.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bazar ertəsi İtaliyanın "Corriere Della Sera" qəzetinə verdiyi müsahibədə ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD beynəlxalq koalisiyasının fəaliyyətinə xitam verilməsi prosesini sürətləndirəcəyini bildirib. Baş nazirin bu açıqlamaları İraqın öz iradəsi xaricində Yaxın Şərqdəki münaqişəyə sürükləndiyi bir vaxta təsadüf edir. Xatırladaq ki, bu münaqişə fevralın 28-də İsrail və ABŞ-ın İrana zərbələr endirməsi ilə başlayıb. Həmin tarixdən bəri İranyönümlü silahlı qruplaşmalar İraqda və regionda ABŞ-ın maraqlarına qarşı demək olar ki, hər gün hücumlar təşkil edir.

İsrailin İrana qarşı cavab tədbirlərini əsas gətirərək təxminən 20 gün bağlı saxladığı, lakin bir neçə gün əvvəl piyadaların keçidi üçün məhdud şəkildə açdığı Rəfah Sərhəd Keçid Məntəqəsindən 28 fələstinli Qəzza zolağına qayıdıb. Xəstəxana mənbələrindən alınan məlumata görə, aralarında qadın və uşaqların da olduğu Misirdən gələn 28 nəfər Xan Yunisdəki Nasir Xəstəxanasına çatıb. Uzun fasilədən sonra ailələri və yaxınları ilə bir araya gələn fələstinlilər duyğulu anlar yaşayıblar.

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Saud bazar ertəsi Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə helikopter qəzası nəticəsində bir neçə hərbçinin həlak olması ilə bağlı başsağlığı teleqramı göndərib. Helikopter bazar günü planlı tapşırıq yerinə yetirərkən texniki nasazlıq səbəbindən Qətərin ərazi sularına düşüb. Kral Salman Şeyx Təmimə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Saud da Qətər Əmirinə oxşar məzmunlu teleqram ünvanlayıb.

İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudani Bağdadda kəşfiyyat qərargahına edilən dron hücumunu pisləyərək bunu “qorxaq silahlı qrupun terror aktı” adlandırıb. Sudani bildirib ki, bu hadisə hökumətlə silahlı qruplar arasında dialoq imkanlarını faktiki olaraq aradan qaldırır. Onun sözlərinə görə, bəzi qruplar ABŞ-ın İraqdakı maraqlarına qarşı hücumları İranla həmrəylik adı altında davam etdirir.

İsrail hökuməti İranın ölkənin cənubundakı Arad və Dimona şəhərlərinə endirdiyi zərbələrdən sonra Tel-Əvivdə yerləşən Ben Qurion hava limanında uçuşlara məhdudiyyət tətbiq edib. Nazirin sözlərinə görə, hər saat üçün iki təyyarə əvəzinə yalnız bir təyyarənin eniş və qalxışına icazə veriləcək. Eyni zamanda, hər uçuş üzrə sərnişin sayı 120 nəfərdən 50 nəfərə endirilib.

VOA xəbər verir ki,müdafiə Nazirliyinin rəsmi bəyanatında qeyd olunur ki, Riyadın yaşayış məntəqələrini hədəf alan raket havada zərərsizləşdirilib. Digər bir raketin isə boş əraziyə (insan yaşamayan bölgəyə) düşdüyü bildirilir. Hadisə nəticəsində hər hansı maddi ziyan və ya tələfat qeydə alınmayıb.

“Boğazın bağlı qalması dünya bazarında neft tədarükü zəncirini qıraraq görünməmiş fəsadlara yol açır. Vəziyyət tələb edərsə, bazardakı kəsiri aradan qaldırmaq üçün strateji neft ehtiyatlarından daha böyük həcmdə istifadə edilə bilər. Lakin ehtiyatların sərbəst buraxılması üçün konkret bir qiymət həddi müəyyən edilməyib; bu, tamamilə tədarükün vəziyyətindən asılı olacaq ”-deyə o qeyd edib.

Regionda bir tərəfdən İran, digər tərəfdən isə Amerika Birləşmiş Ştatları və İsrail arasında görünməmiş bir müharibə yaşanarkən, dörd Körfəz ölkəsi – Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) illərdir mülki və ticari örtük altında "yatan" və müharibə zamanı hərəkətə keçməyə başlayan İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və Livandakı "Hizbullah"a bağlı qrupların dağıdıldığını elan edirlər.

Misir prezidenti Əs-Sisi İranın Səudiyyə Ərəbistanına qarşı "iyrənc" hücumlarını yenidən qınayaraq, Qahirənin Krallığın suverenliyini və təhlükəsizliyini təhdid edən hər hansı bir addıma qarşı Riyadın yanında olduğunu bəyan edib. Görüşdə həmçinin Misirin xarici işlər naziri Bədr Abdelatty və kəşfiyyat rəhbəri Hassan Raşad da iştirak ediblər. Liderlər regional məsələlərlə yanaşı, qarşıdan gələn Ramazan bayramı (Eyd əl-Fitr) münasibətilə bir-birini təbrik ediblər. Görüşün sonunda vəliəhd şahzadə Misir prezidentini Ciddə limanından yola salıb.

Bəhreyn hökumətinin sözçüsü martın 9-da paytaxt Manamada baş vermiş insidentlə bağlı yeni təfərrüatları açıqlayıb. Rəsmi bəyanata görə, "Patriot" hava hücumundan müdafiə sistemi yaşayış məntəqəsi üzərində İranın pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Bu açıqlama ABŞ ordusunun (CENTCOM) həmin gün verdiyi məlumatla ciddi şəkildə fərqlənir. Martın 9-da CENTCOM sosial media hesabında Rusiya və İran mediasının "Patriot" raketinin hədəfdən yayındığı barədə xəbərlərini "yalan" adlandırmışdı. ABŞ tərəfi o vaxt bəyan etmişdi ki, əslində İran PUA-sı birbaşa yaşayış binasına çırpılıb və nəticədə aralarında uşaqlar da olmaqla 32 mülki şəxs yaralanıb.

İsrailin xarici kəşfiyyat xidməti "Mossad" rəsmi Tehranın nüvə proqramı ilə bağlı məlumat əldə etmək məqsədilə İran vətəndaşlarına müraciət edərək, onları casusluğa çağırıb. Kəşfiyyat xidmətinin fars dilində fəaliyyət göstərən rəsmi "Telegram" kanalı vasitəsilə yayılan müraciətdə "Nüvə sənayesi sahəsində hər hansı məlumata çıxışınız varsa, bizimlə əlaqə saxlayın" ifadəsi işlədilib. "Mossad" məlumat sızdıran şəxslərin gələcəyinin "təhlükəsizlikdə olacağını" vəd edərək, iranlıları xüsusi qorunan rabitə kanalları vasitəsilə kəşfiyyatla əməkdaşlığa dəvət edib.