Bəhreyn Daxili İşlər Nazirliyi İrandan təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində bir şirkətə məxsus obyektdə yanğın baş verdiyini açıqlayıb. Nazirlikdən edilən yazılı bəyanatda mülki müdafiə qruplarının dərhal hadisə yerinə cəlb olunduğu, yanğının nəzarətə alınaraq söndürüldü bildirilib. PUA hücumunun hansı şəhərdə baş verdiyi və hadisənin digər təfərrüatları barədə hələlik rəsmi məlumat paylaşılmayıb.
Yaxın Şərq
Çərşənbə axşamı günü səhər saatlarında təhlükəsizlik və səhiyyə mənbələrinin "Reuters" agentliyinə verdiyi məlumata görə, İraqın qərbindəki Ənbar vilayətində şiə "Həşdi-Şabi" (Xalq Səfərbərlik Qüvvələri - PMF) qüvvələrinə məxsus obyektə endirilən hava zərbələri nəticəsində azı 14 döyüşçü həlak olub, 30 nəfər isə yaralanıb. Həlak olanlar arasında qruplaşmanın Ənbar üzrə əməliyyat komandiri də var.
Suriya ordusu bazar ertəsi günü ölkənin şimal-şərqindəki hərbi bazalarından birinin qonşu İraq ərazisindən raket atəşinə tutulduğunu açıqlayıb. İraq rəsmiləri isə hücumun arxasında yerli silahlı qruplaşmanın dayandığını bildiriblər. Suriya ordusunun bəyanatında qeyd olunur ki, Haseke əyalətinin Əl-Yarubiya qəsəbəsi yaxınlığındakı hərbi baza raket zərbələrinə məruz qalıb. Adının açıqlanmasını istəməyən İraq rəsmisi isə bildirib ki, yerli qruplaşmalardan biri Haseke bölgəsindəki bazaya doğru "Qrad" raketinin təkmilləşdirilmiş versiyası olan yeddi ədəd "Arash-4" raketi atıb.
İrana qarşı davam edən hazırkı müharibə ilə paralel olaraq, Türkiyə olduqca narahat siyasi və təhlükəsizlik dövrü yaşayır. Qərar qəbul etmə mərkəzinə yaxın dairələr və "dərin dövlət"ə yaxın olan siyasi qüvvələr, regionda baş verəcək geosiyasi transformasiyalar Türkiyənin regional bütövlükdəki roluna və mövqeyinə təsir edəcəyindən ehtiyatlanırlar.
ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti İsrailin yüksək rütbəli hərbi rəhbərliyinə istinadən xəbər verir ki, Təl-Əviv Livan cəbhəsində hərbi əməliyyatların intensivliyini artırmaq niyyətindədir. VOA xəbər verir ki, İsrail generallarının sözlərinə görə, ordunun qarşısında duran başlıca vəzifə "Hizbullah" qruplaşmasına bərpası mümkün olmayan zərbələr endirməkdir.
İsrailin nüfuzlu "Israel Hayom" qəzeti ölkənin rəsmi mənbələrinə istinadən xəbər verir ki, hazırkı hərbi və diplomatik gərginlik fonunda İranla hər hansı bir sazişin bağlanma ehtimalı minimum səviyyədədir. Mənbə qeyd edir ki, rəsmi Təl-Əviv və Tehran arasında indiyə qədər heç bir birbaşa danışıq baş tutmayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi strategiyası ilə bağlı növbəti sərt bəyanatını verib. Baş nazir vurğulayıb ki, İsrail ordusu qarşıya qoyulan məqsədlərə çatmaq və milli maraqları təmin etmək üçün həm İranda, həm də Livanda hərbi əməliyyatları dayandırmayacaq. Netanyahunun sözlərinə görə, hücumların əsas hədəfi düşmənin strateji imkanlarını tamamilə sıradan çıxarmaqdır: "Biz İran və Livanda zərbələr endirməyə davam edəcəyik ki, raket proqramını, nüvə infrastrukturunu və Hizbullahın rəhbərliyini tamamilə məhv edək."
ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqu tənqid edərək, onu "zəif və aciz" adlandırıb, həmçinin yalan danışmaqda ittiham edib. Trampın sözlərinə görə, Hersoq Baş nazir Benyamin Netanyahunu bağışlayacağına dair vəd versə də, bu öhdəliyi yerinə yetirməyib. Prezident Tramp Hersoqun "lider olmadığını" bəyan edib. "O, mənə dəfələrlə onu (Netanyahunu) bağışlayacağını demişdi və yalan danışdı," – deyə ABŞ rəhbəri bildirib. Tramp həmçinin vurğulayıb ki, Netanyahuya qarşı aparılan məhkəmə prosesi hərbi əməliyyatlara mane olur və "Bibi" boş şeylərə deyil, müharibəyə diqqət yetirməlidir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Körfəz regionundakı müttəfiqlərinin təhlükəsizliyini gücləndirmək üçün mühüm addımlar atdığını bəyan edib. Baş nazir Britaniyanın müdafiə sənayesi sektoru ilə birlikdə Körfəzdəki tərəfdaş ölkələrdə hava hücumundan müdafiə raketlərinin yerləşdirilməsi istiqamətində iş apardıqlarını bildirib.
ABŞ Prezidenti Donald Tramp İranla əldə oluna biləcək potensial sazişin əhəmiyyətindən danışıb. Prezident Tramp vurğulayıb ki, bu razılaşma təkcə regional gərginliyi azaltmayacaq, həm də İsrail dövləti üçün "təminatlı və uzunmüddətli sülh" rolunu oynayacaq. Trampın bu açıqlaması İranın enerji infrastrukturuna zərbələri 5 gün müddətinə təxirə salmasından dərhal sonra gəlib. O qeyd edib ki, əgər Tehran şərtləri qəbul edərsə, bu, regionun təhlükəsizlik arxitekturasında tarixi bir dönüş nöqtəsi ola bilər.
Livanın Baş naziri Nəvaf Salam ölkəsinin İsrail ilə müharibəyə cəlb olunmasında birbaşa İranı və "Hizbullah" hərəkatını ittiham edib. O, ölkədəki hərbi əməliyyatların birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğunu bəyan edib. Baş nazir Salam telekanallardan birinə verdiyi müsahibədə "Hizbullah"ın Livanı xəbərdarlıq etmədən müharibəyə sürüklədiyini bildirib. Onun sözlərinə görə, fevralın 28-də Əli Xameneinin ölümü ilə əlaqədar başladılan raket hücumları Livanın deyil, İranın maraqlarına xidmət edib. "Bu o deməkdir ki, müharibə bizə zorla qəbul etdirilib" – deyə Baş nazir vurğulayıb.
İsrail ordusu, atəşkəs elan olunmasına baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir. Qəzzadakı Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından bu yana davam edən hücumlarda yaşanan can itkiləri ilə bağlı son məlumatları paylaşıb. Nazirliyin yazılı açıqlamasında bildirilir ki, Ramazan bayramının başladığı 20 mart tarixindən bəri Qəzzadakı xəstəxanalara 9 meyit və 30 yaralı gətirilib. Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 687 nəfərin öldürüldüyü, 1845 nəfərin yaralandığı, dağıntılar altından isə 756 cənazənin çıxarıldığı qeyd edilib.