BAKI,VOA, Fərid Mikayılov
Yəməndəki husi hərəkatı Səudiyyə Ərəbistanının Hodeyda limanı və Kamaran adasına endirdiyi hava zərbələrini pisləyərək cavab əməliyyatları həyata keçirdiyini açıqlayıb.
VOA xəbər verir ki, husilər Səudiyyənin hücumlarına cavab olaraq Cizan və Yanbu şəhərlərində yerləşən Saudi Aramco obyektlərini ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını iddia ediblər.
Qruplaşmanın bəyanatına görə, zərbələr nəticəsində müəyyən edilmiş hədəflər birbaşa vurulub.
Husilər həmçinin Səudiyyə Ərəbistanına qarşı elan etdikləri dəniz blokadasını davam etdirəcəklərini və qarşıdurma daha da dərinləşərsə, hərbi əməliyyatların miqyasını genişləndirməyə hazır olduqlarını bildiriblər.
Bəyanatda Səudiyyə Ərəbistanı Yəmən xalqına qarşı mühasirəni davam etdirməkdə və ölkənin suverenliyini pozmaqda ittiham olunub.
Qeyd edək ki, husilərin Aramco obyektlərinə endirildiyini iddia etdikləri zərbələr və onların nəticələri ilə bağlı müstəqil mənbələrdən hələlik rəsmi təsdiq verilməyib.