BAKI,VOA,Yusif Şərifzadə
Rusiyanın bəzi regionlarında yanacaq təchizatı ilə bağlı problemlər hələ də aradan qalxmayıb. Rəsmilərin sözlərinə görə, ən mürəkkəb vəziyyət Sibirin bəzi bölgələrində müşahidə olunur.
VOA xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak şənbə günü bildirib ki, ölkənin bir sıra regionlarında yanacaq təminatı ilə bağlı çətinliklər qalmaqdadır və ən ağır vəziyyət Sibirin müəyyən ərazilərində qeydə alınır.
Məlumata görə, Ukraynanın neft emalı zavodlarına təkrar pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardan sonra yaranan benzin qıtlığı və qiymət artımını aradan qaldırmaq məqsədilə Rusiya hakimiyyəti daxili yanacaq bazarını dəstəkləyən bir sıra tədbirlər həyata keçirib.
Aleksandr Novakı sitat gətirən İnterfaks agentliyinin məlumatına əsasən, benzin ixracına tətbiq olunan qadağa ilin sonunadək uzadılacaq. Dizel yanacağının ixracına qoyulan məhdudiyyət isə bazarda vəziyyət yaxşılaşdıqca ləğv ediləcək.
Novakın sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə Qazaxıstan artıq neft məhsullarını Rusiyaya tədarük edə bilər.
Sənaye mənbələrinin bu ay yaydığı məlumata əsasən, Qazaxıstan iyul ayında Rusiyaya ilk benzin partiyasını göndərərək ölkənin mərkəzi bölgələrindən birinə təxminən 1 000 ton yanacaq tədarük edib.