BAKI,VOA, Fərid Mikayılov
İran Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədr ABŞ və İsrailin İrana hücumları nəticəsində həlak olan uşaqların qisasının alınacağını bəyan edib.
VOA xəbər verir ki, Zolqədr bildirib ki, İran Silahlı Qüvvələrinin həyata keçirdiyi dəqiq zərbələr "düşmən tam məğlub edilənədək" davam edəcək.
Onun sözlərinə görə, Minab və Lamerdə həlak olan günahsız uşaqların qisası alınacaq və hərbi əməliyyatlar bununla da yekunlaşmayacaq.
İran rəsmisi ABŞ və İsrailə qarşı cavab tədbirlərinin davam etdiriləcəyini vurğulayaraq, əməliyyatların ölkənin təhlükəsizlik maraqları çərçivəsində həyata keçirildiyini bildirib.
Qeyd edək ki, İran hakimiyyətinin məlumatına əsasən, müharibə zamanı ən ağır itkilərdən biri ölkənin cənubundakı Minab şəhərində yerləşən qızlar məktəbinə edilən hücum zamanı qeydə alınıb. Rəsmi məlumata görə, həmin hücum nəticəsində 165 nəfər həlak olub, 95 nəfər yaralanıb və qurbanların əksəriyyətini uşaqlar təşkil edib.