Yəmənin ABŞ-dakı səfiri Cəmilə Əli Raca husilərin son hücumlarının İranın regional strategiyasının tərkib hissəsi olduğunu bəyan edib. O bildirib ki, husilər sülh təşəbbüslərinə mane olur, ölkə iqtisadiyyatına zərər vurur və beynəlxalq gəmiçiliyi təhlükəyə atırlar. Səfirin sözlərinə görə, husilər Yəmənin deyil, Tehranın maraqlarına xidmət edirlər. Raca 2022-ci ildən bəri neft ixracı obyektlərinə hücumlar nəticəsində hökumətin təxminən 6 milyard ABŞ dolları gəlir itirdiyini açıqlayıb. Husilər isə Qırmızı dəniz və Ədən körfəzindəki hücumlarını Qəzzadakı fələstinlilərlə həmrəylik məqsədi ilə izah edirlər. Bu açıqlamalar Yəmənin dövlət xəbər agentliyi Saba tərəfindən yayımlanıb.