BAKI,VOA Orxan Qədirzadə
İsrail ordusu Livanın cənubuna yeni hava və artilleriya zərbələri endirib, bir sıra yaşayış məntəqələrində partlayışlar həyata keçirib. Eyni zamanda İsrailə məxsus pilotsuz uçuş aparatları paytaxt Beyrut və onun cənub ətrafında aşağı hündürlükdə uçuşlar həyata keçirib.
Livan Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail hərbi aviasiyası Sur rayonunun Əl-Mənsuri qəsəbəsinə intensiv hava zərbələri endirib. Serbin və Vadi Zəbqin bölgələri də İsrailin hava və artilleriya atəşinə məruz qalıb. Beyt Yater və ətrafında da iki hava hücumu qeydə alınıb.
İsrail qüvvələri Əl-Xardəli yolunda Litani çayı ətrafını artilleriya atəşinə tutub. Bəyut əs-Siyad qəsəbəsində isə böyük partlayış törədilib.
Cənubda dağıntılar və partlayışlar
Mərcəyyun rayonunda İsrail buldozerlərinin Hula qəsəbəsində bir sıra tikililəri dağıtdığı bildirilib. Bəni Həyyan qəsəbəsində də artilleriya atəşi və dağıntı işləri həyata keçirilib.
Bərəşit və Məcdəl Zun qəsəbələrinin ətrafında da partlayışlar baş verib. Bint Cübeyl rayonunda Serbin qəsəbəsinin kənarlarında partlayışlar törədilib və ərazidə İsrail qüvvələrinin axtarış əməliyyatı keçirdiyi bildirilib.
Daha sonra Serbinə iki ayrı hava zərbəsi endirilib. Hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Beyrut üzərində İsrail PUA-ları
Cənubi Livandakı gərginlik fonunda İsrail PUA-ları Beyrut səmasında, o cümlədən şəhərin cənub ətrafında aşağı hündürlükdə uçuşlar həyata keçirib. Zəhrani bölgəsində də İsrail PUA-larının müşahidə edildiyi bildirilib.
Bu hadisələr İsrail və Livan arasında təhlükəsizlik razılaşması ilə bağlı danışıqların davam etdiyi bir vaxtda baş verir.
“YUNİFİL”in gələcəyi müzakirə olunur
Livan ordusunun komandanı Rudolf Heyk İtaliyada həmkarı Lusiano Portolano ilə görüşərək BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin – YUNİFİL-in mandatının başa çatmasından sonrakı mərhələni müzakirə edib.
İtaliya tərəfi Livanın sabitliyinin strateji prioritet olduğunu vurğulayıb və Livan ordusuna dəstəyin vacibliyini qeyd edib.
YUNİFİL-in mandatı 2026-cı ilin sonunda başa çatır. Livan isə ölkənin cənubunda təhlükəsizliyin və sabitliyin qorunması baxımından missiyanın fəaliyyətinin davam etdirilməsində maraqlıdır.
Bütün bunlar Livan və İsrail arasında iyunun 26-da imzalanan “çərçivə formatı” üzrə təhlükəsizlik razılaşmasının həyata keçirilməsi ilə bağlı müzakirələrin getdiyi bir dövrdə baş verir. Razılaşmaya əsasən, İsrailin Livan ərazisindən mərhələli şəkildə çıxarılması, Livan ordusunun cənubda yerləşdirilməsi və silahlı qrupların tərksilah edilməsi nəzərdə tutulur.
Livan Səhiyyə Nazirliyinin bu həftə açıqladığı son məlumata görə, martın 2-dən etibarən İsrailin hücumları nəticəsində ölkədə 4 350 nəfər ölüb, 12 310 nəfər yaralanıb.