"Baykar" şirkəti tərəfindən kəşfiyyat, müşahidə və hədəf təyini (ISR) missiyaları üçün hazırlanmış "KALKAN" şaquli qalxıb-enən (VTOL) pilotsuz uçuş aparatı (PUA) "TCG Anadolu" (L400) universal desant gəmisi və "Ada" sinfinə aid "TCG Burgazada" (F513) korvetindən uçuş sınaqlarını nümayiş etdirib.
Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi
Türkiyə Hərbi Dəniz Qüvvələri gəmi əsaslı kəşfiyyat və müşahidə missiyaları üçün "KALKAN VTOL" PUA-larını ilkin mərhələdə "TCG Anadolu" və "Ada" sinifli korvetlərə inteqrasiya edir. Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşdığı sınaq görüntülərində "KALKAN" aparatının "TCG Anadolu" və "TCG Burgazada" gəmilərindən uğurla havaya qalxdığı və göyərtəyə endiyi əks olunub.
Gələcəkdə digər suüstü döyüş gəmilərinin də "KALKAN" PUA-ları ilə təchiz edilməsi planlaşdırılır; bu aparatlar "SH-60 Seahawk" helikopterlərinin yerinə yetirdiyi kəşfiyyat missiyalarını qat-qat aşağı xərclə və daha az iş yükü ilə icra edəcək.
"KALKAN" şirkətin silahlı PUA-ları ilə yanaşı daha praktik kəşfiyyat imkanları təqdim edən "1-ci Sinif PUA" xəttinin ikinci modelidir. Aparat modifikasiyasından asılı olaraq gündüz və ya termal görüntüləmə təmin edən "Baykar" istehsalı "BG-160", "BG-180" və "BG-220" elektro-optik sistemləri ilə təchiz oluna bilir. Həmçinin "KALKAN" zərbə məqsədli istifadə üçün "Skydagger" istehsalı "RTF 7" ölçülü FPV kamikadze dronunu daşımaq və hədəfə atmaq qabiliyyətinə malikdir.
PUA elektrik mühərrikli qaldırıcı pərlərdən və porşenli mühərriklə işləyən itələyici pərdən istifadə edir, 6 saat ərzində havada qala bilir.
"KALKAN" aparatının yığcam ölçüləri ona korvet və freqatların məhdud ölçülü anqarlarında helikopterlərlə yanaşı yerləşdirilməyə imkan verir. Digər tərəfdən, şaquli qalxma və enmə xüsusiyyəti "TCG Anadolu" gəmisində qısamənzilli kəşfiyyat ehtiyacları üçün "Bayraktar TB3" zərbə PUA-sına çevik və sürətli reaksiya verən alternativ yaradır.