BAKI, VOA Orxan Qədirzadə
Livan prezidenti Cozef Aun ölkənin müharibənin yaratdığı dağıntı və iztirabdan qorunmasının yeganə real yolunun danışıqlar olduğunu bildirib.
Aun Livanın qarşıya çıxan çətinliklərə baxmayaraq danışıqlar aparmaq qərarında olduğunu deyib. Onun sözlərinə görə, əsas məqsədlər ölkənin cənubunda təhlükəsizliyin təmin edilməsi, ordunun sərhəd boyunca yerləşdirilməsi, məhbusların geri qaytarılması, köçkünlərin evlərinə dönməsi və ölkənin yenidən qurulmasıdır.
Prezident bu hədəflərin müharibə yolu ilə əldə edilə bilməyəcəyini vurğulayıb və danışıqların yeganə seçim olduğunu bildirib.
Maronit Ümumi Şurasının nümayəndə heyəti ilə görüşdə Aun ölkənin yenidən qurulmasının bütün tərəflərin ortaq məsuliyyəti olduğunu qeyd edib. O, milli maraqların şəxsi maraqlardan üstün tutulmasının vacibliyini və gənclərin Livanın gələcəyində əsas rol oynadığını vurğulayıb.
Aun hökumətin korrupsiya ilə mübarizəyə, iqtisadi və maliyyə islahatlarına başladığını, lakin müharibənin iqtisadi artımla bağlı gözləntilərə ciddi zərbə vurduğunu bildirib.