Xəbər lenti

Böyük Britaniyanın yeni baş naziri Endryu Bernem Rusiyaya müraciət edərək münaqişə sülhlə bitənədək Londonun Ukraynaya dəstəyini sürdürəcəyini bəyan edib. Bəyanat Bernemin Ukraynanın Müstəqillik Günündə Kiyevə etdiyi səfər fonunda verilib. Vəzifəyə gəldikdən sonra ilk xarici səfərini Ukrayna paytaxtına reallaşdıran hökumət rəhbərinin "istəklilər koalisiyası"nın iclasında iştirakı nəzərdə tutulub.

Fələstin məsələsi Yaxın Şərq probleminin əsasında dayanır. Bu bəyanatla Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində İordaniya Kralı Abdulla ilə keçirdiyi görüşdə çıxış edib. Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Ciyan bəyan etmişdi ki, Çin rəhbərliyi Vaşinqtonun İranı dəstəkləyən ölkələrə qarşı birtərəfli tədbirlərini qanunsuz hesab edir.

Almaniyanın Xarici İşlər Naziri Yohann Vadeful Ukraynanın müttəfiqlərini kimin tərəfində olduqlarını unutmamağa və Kiyevə dəstəyi davam etdirməyə çağırıb. Qeyd olunub ki, daha əvvəl Almaniya kansleri Fridrix Merts "arzulayanlar koalisiyası"ndan Ukraynaya göstərilən enerji yardımının həcmini artırmağı tələb edəcəyi barədə məlumat yayılıb.

Liviyanın Dövlət Ali Şurası ölkənin şərqində 10 vətəndaşın edam edilməsindən narahatlığını bildirərək hökmlərin icrası ilə bağlı bütün hüquqi prosedurların araşdırılmasını tələb edib. Şuranın açıqlamasında bildirilib ki, edam hökmlərinin icrası yalnız məhkəmə hakimiyyətinin səlahiyyətindədir və təqsirləndirilən şəxslərin saxlanılması, məhkəmə prosesi, müdafiə hüquqları və hökmün icrasına qədərki prosedurlar tam şəkildə qanunun tələblərinə uyğun olmalıdır.

ABŞ Maliyyə Naziri Skott Besent Vaşinqtonun Tehrana qarşı bu günə qədər həyata keçirilmiş ən böyük maliyyə hücumuna başladığını və İrana qarşı mübarizədə "son mərhələyə" qədəm qoyulduğunu bildirib. Besent yeni strategiyanın hərbi uğurlardan sonra başlayan genişmiqyaslı iqtisadi təcrid mərhələsi olduğunu vurğulayıb:

Səudiyyə Ərəbistanının kosmik iqtisadiyyatının 2024-cü ildəki 8.7 milyard dollarlıq həcmdən 2035-ci ilə qədər təxminən dörd dəfə artaraq 31.6 milyard dollara yüksələcəyi proqnozlaşdırılır. Krallıq kosmik və rəqəmsal texnologiyaları iqtisadi artımın və davamlı inkişafın yeni hərəkətverici qüvvəsinə çevirməyi hədəfləyir.

Şotlandiyada sənətçilər və mədəniyyət fəalları Edinburq Beynəlxalq Festivalına investisiya şirkəti “Baillie Gifford” ilə əməkdaşlığı dayandırması üçün təzyiqləri artırıb. Etirazçılar şirkətin İsrailin hərbi sənayesi ilə əlaqəli olduğu bildirilən şirkətlərə yatırımlar etdiyini iddia edirlər. Kampaniyaya 700-dən çox sənətçi, mədəniyyət işçisi və ictimaiyyət nümayəndəsi qoşularaq festivala müraciət imzalayıb. Onlar festivalın sponsorluq və maliyyələşdirmə mənbələrinə yenidən baxmasını tələb edirlər.

İraq Səudiyyə Ərəbistanı və İran arasında vahid təhlükəsizlik üzrə əlaqələndirmə şurasının yaradılmasını təklif edib. Bağdad təşəbbüslə iki ölkə arasında etimadsızlığın azaldılmasını və regional təhlükəsizlik üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Bu barədə İraqın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasim Əl-Ərəci açıqlama verib. Onun sözlərinə görə, təklif həm İran, həm də Səudiyyə Ərəbistanına təqdim olunub. Təşəbbüsün detalları isə açıqlanmayıb və Riyadla Tehran tərəfindən hələlik rəsmi münasibət bildirilməyib.

Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası sentyabrda keçiriləcək əyalət seçkilərində uğur qazanaraq gələcəkdə federal hakimiyyətə gəlmək üçün siyasi mövqeyini gücləndirməyə çalışır. Partiyanın həmsədri Alisa Vaydel bildirib ki, AfD sentyabrın 6-da Saksoniya-Anhalt əyalətində keçiriləcək seçkilərdə hökuməti formalaşdırmaq niyyətindədir. O, partiyanın hətta təkbaşına idarə etmək üçün lazım olan səs çoxluğunu əldə edə biləcəyinə əminliyini ifadə edib.

ABŞ İranın gəlir mənbələrini məhdudlaşdırmaq məqsədilə yeni və daha genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlayır. Vaşinqtonun addımları İranın maliyyə şəbəkələrini və neft gəlirlərini hədəfə almaqla yanaşı, Tehranla iqtisadi əlaqələri olan üçüncü ölkələrə də təzyiq göstərməyi nəzərdə tutur. ABŞ Maliyyə naziri Skott Besent “Financial Times” qəzetində dərc olunan məqaləsində yeni tədbirlərin avqustun 24-dən tətbiq olunacağını bildirib. O, İran rejimini maliyyələşdirən bütün əsas gəlir kanallarının kəsilməsinin Vaşinqtonun başlıca məqsədlərindən biri olduğunu açıqlayıb.

Norveç kralı V Haraldın səhhətinin xəstəxanada müalicə aldığı vaxt pisləşdiyi açıqlanıb. Kral sarayı 89 yaşlı monarxın müalicəyə cavab verdiyini, lakin səhhətinin ciddi nəzarətdə saxlanıldığını bildirib.Kral sarayının yaydığı məlumata görə, V Harald qanda bakterial infeksiya səbəbindən antibiotik müalicəsi alır.

Fələstin-İordaniya əsilli müğənni və bəstəkar Zeyn 21 avqust tarixində Niderlandın Biddinqxeyzen şəhərində keçirilən "Lowlands" festivalındakı çıxışı ilə sürpriz yay konsertləri silsiləsini tamamlayıb. O, pərəstişkarlarına təşəkkür edərək: "Sizi çox sevirəm. Qəlbimin ən dərinliyindən təşəkkür edirəm! Getdiyimiz hər yerdə bir ev tapmaq çox gözəl hissdir. İki həftə sonra yenidən qayıtmaq üçün səbirsizlənirəm".- deyə bildirib.

Səudiyyə Ərəbistanı Suriya ilə iqtisadi əlaqələri dərinləşdirmək məqsədilə Dəməşqdə yükdaşımaları və sərnişin daşınması da daxil olmaqla müraciətləri qəbul edən viza xidməti mərkəzinin açılışını həyata keçirib. Mərkəz iqtisadi əlaqələri gücləndirmək və ağır iqtisadi çətinliklər fonunda Suriyanın bərpasını dəstəkləmək istiqamətindəki birgə səylərin tərkib hissəsi kimi yaradılıb.

Hadisə bombardmandan bir neçə gün əvvəl başladı. İsraillilər amerikalılara kəşfiyyat məlumatlarına əsasən Türkiyənin Əbu əz-Zühur bazasında hərbi vasitələr yerləşdirmək üçün hərəkətə keçdiyini bildirdilər. Vaşinqton məsələni araşdırdı və cavabında əlindəki məlumatların Təl-Əvivin iddialarını təsdiqləmədiyini bildirdi. Bundan sonra Amerika İsrailin narahatlığını aradan qaldırmaq və eskalasiyanın qarşısını almaq üçün "Mossad", Dəməşq və Ankara arasında təmaslara vasitəçilik etdi. İki gün sonra Suriyanın Xarici İşlər naziri Əsəd əş-Şeybani ABŞ nümayəndəsi Tom Barak ilə İstanbulda görüşdü. Həmin vaxt ölkənin mərkəzində, Tədmur yaxınlığındakı bazanın vurulmasından əvvəl olduğu kimi, böhranın yatırılacağı ehtimal edilirdi. Hətta ilin əvvəlindən dayandırılmış Suriya-İsrail danışıqlarının yenidən bərpa olunacağı və ümumi təhdidlərə qarşı kəşfiyyat məlumatlarının mübadiləsi üçün Əmmanda yaradılmış "Əlaqələndirmə Mərkəzi"nin inkişaf etdiriləcəyi düşünülürdü.