BAKI, VOA Orxan Qədirzadə
İraq Səudiyyə Ərəbistanı və İran arasında vahid təhlükəsizlik üzrə əlaqələndirmə şurasının yaradılmasını təklif edib. Bağdad təşəbbüslə iki ölkə arasında etimadsızlığın azaldılmasını və regional təhlükəsizlik üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Bu barədə İraqın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasim Əl-Ərəci açıqlama verib. Onun sözlərinə görə, təklif həm İran, həm də Səudiyyə Ərəbistanına təqdim olunub. Təşəbbüsün detalları isə açıqlanmayıb və Riyadla Tehran tərəfindən hələlik rəsmi münasibət bildirilməyib.
Təklif bölgədə gərginliyin artdığı bir vaxtda irəli sürülüb. Səudiyyə Ərəbistanı iyulun 27-də İraq ərazisindən buraxıldığını bildirdiyi pilotsuz uçuş aparatlarının ölkənin şərqində və paytaxt Riyad ətrafında neft obyektlərini hədəf almağa çalışdığını açıqlamışdı. Riyad hücumda İranla əlaqəli silahlı qrupları ittiham edib və cavab vermək hüququnu saxladığını bildirib.
İraq hökuməti həmin məlumatlarla bağlı araşdırma aparılması üçün təhlükəsizlik qurumlarına göstəriş verib. Bağdad bununla yanaşı, ölkə daxilində vahid siyasi və təhlükəsizlik qərarlarının formalaşdırılmasının vacibliyini vurğulayır.
Əl-Ərəci bildirib ki, sentyabrın 30-da beynəlxalq koalisiyanın İraqdan çıxarılmasına başlanması planlaşdırılır. Bundan sonra ölkədə silahın yalnız dövlətin nəzarətində olması istiqamətində mərhələli prosesin sürətlənəcəyi gözlənilir.
İraq rəsmisi bəzi silahlı qrupların hələ də silahlarını təhvil verməməsini regiondakı vəziyyətlə əlaqələndirib. Prezident Nizar Amidi isə yaxın günlərdə yalnız iki-üç silahlı qrupun silahlarını təhvil vermədiyini bildirmişdi.
Bağdadın yeni təşəbbüsü həm İran-Səudiyyə Ərəbistanı münasibətlərində etimadın bərpasına, həm də İraqın regional təhlükəsizlikdə vasitəçi rolunu gücləndirməsinə yönəlmiş addım kimi qiymətləndirilir.