Fələstin-İordaniya əsilli müğənni və bəstəkar Zeyn 21 avqust tarixində Niderlandın Biddinqxeyzen şəhərində keçirilən "Lowlands" festivalındakı çıxışı ilə sürpriz yay konsertləri silsiləsini tamamlayıb. O, pərəstişkarlarına təşəkkür edərək: "Sizi çox sevirəm. Qəlbimin ən dərinliyindən təşəkkür edirəm! Getdiyimiz hər yerdə bir ev tapmaq çox gözəl hissdir. İki həftə sonra yenidən qayıtmaq üçün səbirsizlənirəm".- deyə bildirib.
Bu yay çıxışları sənətçinin 1 sentyabr tarixində Londondakı "KOKO" zalında rəsmi şəkildə başlayacaq ilk böyük Avropa qastrol səfəri öncəsi pərəstişkarlarına onu canlı izləmək fürsəti yaradıb.
Zeyn əlavə yay konsertlərinin tarixlərini ilk dəfə iyul ayında elan edərək bu çıxışları bu günə qədərki ən böyük beynəlxalq qastrol səfəri olan "Awda Tour"a yenidən başlamazdan əvvəl xüsusi bir mərhələ kimi xarakterizə etmişdi.
Bu silsilə Mərakeşin "Jazzablanca" festivalı, İsveçrənin "Montreux Jazz" festivalı, Bern şəhərindəki "Gurtenfestival" və Londondakı "Mahrajan" festivalındakı çıxışların ardınca baş tutub.
"Awda Tour"un Londondakı açılış konsertindən sonra Zeyn 18 sentyabra qədər Dublin, Brüssel, Paris, Amsterdam, Berlin, Milan, Barselona və İstanbulda çıxış edərək müxtəlif janrları birləşdirən musiqisini Avropanın müxtəlif səhnələrinə daşıyacaq.
Müasir R&B və alternativ pop musiqisini ərəb motivləri ilə vəhdət halında təqdim etməsi ilə tanınan Zeyn şəxsiyyət, mənsubiyyət və özünü kəşf mövzularını əks etdirən mahnıları ilə beynəlxalq dinləyici auditoriyası toplayıb.
Onun 2025-ci ildə işıq üzü görən debüt albomu "AWDA" sənətçinin özünəməxsus musiqi tərzini daha da möhkəmləndirib və Fələstin-İordaniya kökləri ilə bağını nümayiş etdirib.
Zeyn musiqisində öz köklərinə ehtiram göstərməyin əhəmiyyətindən bəhs edərkən bildirib: "Mən və komandam ənənəvi irsə kənardan yapışdırılan bir element kimi deyil, böyük hörmətlə yanaşmağa diqqət yetiririk. Yaradıcılığımda dəbkə (xalq rəqsi) və ya hər hansı ənənəvi element yer alırsa, bu, onun mənim hekayəmin bir hissəsi olması ilə bağlıdır".
Müğənni-bəstəkar iyul ayında təqdim etdiyi "Hilwa" sinqlı ilə də böyük diqqət çəkib. Zeyd Əllozi tərəfindən çəkilən üz qabığı fotosunda bir-birinə hörülmüş saçları ilə bağlanan üç qadın təsvir olunub.
"Bu görüntü üç nəsli - məni, anamı və nənəmi vahid, fasiləsiz bir hörük vasitəsilə birləşdirir. Bu, irsin, bir qadından digərinə ötürülən sakit gücün və sevginin rəmzidir. Bu hörük hər zaman dilə gətirilməyən, lakin dərindən hiss edilən və xatırlanan bir sevgini özündə ehtiva edir", - deyə Zeyn bildirib.