BAKI,VOA
Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, professor Aktotı Raimkulova Qazaxıstan Respublikasının Özbəkistan Respublikasında yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri cənab Yerali Tuğjanov ilə görüşüb.
Professor Aktotı Raimkulova cənab Yerali Tuğjanovu məsul diplomatik vəzifəyə təyin olunması münasibətilə təbrik edib və qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı türk xalqlarının zəngin mədəni irsinin qorunması və təbliği, mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi, eləcə də türk dünyası ölkələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Fondun Prezidenti təşkilatın əsas layihə və təşəbbüsləri barədə məlumat verib, həmçinin türk dünyasının ortaq mədəni dəyərlərinin təbliğinə yönəlmiş proqramların həyata keçirilməsində Qazaxıstan və Özbəkistanla əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qazaxıstan Respublikasının Özbəkistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri cənab Yerali Tuğjanov Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin əhəmiyyətini qeyd edib, əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsinə və birgə təşəbbüslərin dəstəklənməsinə maraqlı olduğunu bildirib.