BAKI, VOA Orxan Qədirzadə
Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası sentyabrda keçiriləcək əyalət seçkilərində uğur qazanaraq gələcəkdə federal hakimiyyətə gəlmək üçün siyasi mövqeyini gücləndirməyə çalışır.
Partiyanın həmsədri Alisa Vaydel bildirib ki, AfD sentyabrın 6-da Saksoniya-Anhalt əyalətində keçiriləcək seçkilərdə hökuməti formalaşdırmaq niyyətindədir. O, partiyanın hətta təkbaşına idarə etmək üçün lazım olan səs çoxluğunu əldə edə biləcəyinə əminliyini ifadə edib.
“İnfratest Dimap” institutunun son sorğusuna görə, AfD Saksoniya-Anhaltda 41 faiz dəstəyə malikdir. Kansler Fridrix Merzın rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı isə 24 faizlə ikinci yerdədir.
AfD Almaniya Bundestaqında ikinci ən böyük siyasi blok olsa da, indiyədək nə federal, nə də əyalət hökumətlərində iştirak edib. Ölkənin əsas siyasi partiyaları AfD ilə koalisiya və əməkdaşlıqdan imtina edir.
Partiya liderləri hökuməti miqrasiya siyasətinə görə tənqid edir, ölkənin milli və mədəni kimliyinin zəiflədiyini və dövlət xərclərinin artdığını iddia edirlər. Vaydel isə Xristian Demokrat İttifaqının AfD ilə əməkdaşlıqdan imtina etməsinin uzunmüddətli perspektivdə mühafizəkarları zəiflədəcəyini və nəticədə AfD-nin federal səviyyədə hakimiyyətə gəlməsini asanlaşdıracağını bildirib.
Saksoniya-Anhalt seçkiləri sentyabr ayında Almaniyada keçiriləcək üç əyalət seçkisinin ilkidir. Sentyabrın 20-də isə Berlin və Meklenburq-Ön Pomeraniya əyalətlərində seçicilər səs verəcəklər.
AfD-nin bu seçkilərdə göstərəcəyi nəticələr partiyanın Almaniya siyasətində artan təsirinin mühüm göstəricilərindən biri olacaq.