Tam olaraq altı aydır cəmiyyətdən gizlənən İranın Ali Rəhbəri Müctəba Xamenei hökuməti mövcud iqtisadi çətinliklərin öhdəsindən gəlməyə və milli, eləcə də xalqın əhval-ruhiyyəsini zəiflədən hər cür "ruhdan salıcı bəyanatlardan" çəkinməyə çağırıb. Bu çağırış ABŞ Prezidenti Donald Trampın İranla heç bir danışıqlar aparılmadığını, əsas diqqətin Tehrana qarşı iqtisadi sanksiyalara yönəldiyini bildirməsi və İranla ticarət əlaqələri quran ölkələri cəzalandıracağı ilə bağlı xəbərdarlığından sonraya təsadüf edir.
"Biz onlarla danışmaq istəmirik. Nə bir görüşə, nə də buna bənzər bir addıma can atırıq" – deyə, ABŞ Prezidenti Donald Tramp məsələyə münasibət bildirərək qeyd edib.
Rusiya ilə ticarət əlaqələrinə görə bu ölkəyə sanksiya tətbiq edilib-edilməyəcəyi barədə suala cavabında Tramp qeyd edib: "Düşünürəm ki, Rusiya indiyədək Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb". Tramp həmçinin İranla əməliyyat aparan Çin banklarına qarşı da sanksiyaların tətbiq oluna biləcəyinə işarə vurub.
Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik
İran tərəfindən isə Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Möhsün Rzayi bildirib ki, vasitəçilər Tehrandan Hörmüz boğazının yenidən açılması üçün şərtlərini müəyyənləşdirməyi xahiş ediblər. Rzayi qeyd edib ki, İran regiondakı müharibənin dayandırılmasını da əhatə edən bu cür şərtlər siyahısını hazırlayır.
İsrailin Baş naziri Benyamin Netanyahunu "cəhənnəmə göndərməklə" hədələyən Rzayi, Tehranın ABŞ Prezidentinin kiçik oğlu Barron Trampı öldürməyi planlaşdırdığı barədə yayılan iddiaları isə qəti şəkildə təkzib edib. O vurğulayıb ki, Netanyahu saxta məlumatlarla Donald Trampı qorxutmağa çalışıb.