BAKI,VOA,Yusif Şərifzadə
İsrail ordusu və sərhəd polisi işğal altındakı İordan çayının qərb sahilində yerləşən Qusra kəndində baş verən qarşıdurmaya müdaxilə etdiklərini açıqlayıblar. İsrail tərəfinin məlumatına görə, hadisə zamanı bir qrup israilli fələstinliyə məxsus yaşayış evinə daxil olaraq orada mövqe tutub.
VOA xəbər verir ki, İsrail ordusu və sərhəd polisinin birgə açıqlamasında onlarla israillinin fələstinliyə məxsus evə daxil olduğu bildirilib. Hadisə zamanı biri qadın olmaqla bir neçə fələstinlinin yaralandığı barədə məlumatların olduğu qeyd edilib.
İsrail rəsmiləri fələstinlilərə daş atılması hallarının da qeydə alındığını bildiriblər. Hadisənin Qusra kəndində israilli məskunlaşanların fələstinliyə məxsus evi mühasirəyə aldığı vaxt baş verdiyi bildirilir.
Birgə açıqlamaya əsasən, İsrail qüvvələri evə daxil olan israilliləri oradan çıxarıb. Onlara məxsus nəqliyyat vasitələrinin də müsadirə edildiyi açıqlanıb.
İsrail ordusu və sərhəd polisi əlavə qarşıdurmaların qarşısını almaq və ərazidə asayişi bərpa etmək məqsədilə qüvvələrin Qusrada qalacağını bildiriblər.
Bununla belə, Qusra kəndinin başçısı Əbdüləzim Vadi hadisə ilə bağlı fərqli məlumat verib. O bildirib ki, hadisə yerində olan İsrail qüvvələri evdə mühasirədə qalan fələstinliləri həbs etməyə çalışıblar.
Tərəflərin hadisənin gedişi ilə bağlı açıqlamaları bir-birindən fərqlənir. Hadisə işğal altındakı İordan çayının qərb sahilində israilli məskunlaşanlarla fələstinlilər arasında gərginliyin davam etdiyi bir dövrdə baş verib.