İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn Rza ölkənin müdafiə imkanlarının gücləndirilməsinin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin əsas vəzifəsi İranın təhlükəsizliyini qorumaq və mümkün hücumların qarşısını almaqdır. İbn Rza milli birliyi ölkənin müdafiə gücünün ən mühüm dayağı adlandırıb. O bildirib ki, İrana hücum edən tərəf qarşısında vahid xalq görəcək. İran rəsmisi güclü dövlət qurmaq üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb. O, müdafiə sahəsində üzərlərinə düşən vəzifələrdən geri çəkilməyəcəklərini bildirib. Açıqlama İran rəhbərliyinin milli birlik çağırışlarını artırdığı bir dövrdə verilib. Ali rəhbər Müctəba Xamenei də daha əvvəl ictimai həmrəyliyin qorunmasına çağırmışdı.
#təhlükəsizlik
İran İslam İnqilabı Keşikçiləri Korpusu Səravanda silahlı qrupa qarşı əməliyyat keçirdiyini açıqlayıb. Əməliyyatın kəşfiyyat məlumatları əsasında Qüds quru qüvvələri ilə birgə həyata keçirildiyi bildirilir. İran tərəfinə görə, əməliyyat zamanı bir nəfər öldürülüb. Qrupun altı üzvü və tərəfdarı saxlanılıb. Ərazidən 20 bağlama partlayıcı maddə və müxtəlif silahların aşkarlandığı bildirilir. Bundan başqa, peyk rabitəsi üçün istifadə olunan “Starlink” cihazlarının ələ keçirildiyi açıqlanıb. İnqilab Keşikçiləri Korpusu qrupun vilayətin cənubunda hücumlar planlaşdırdığını iddia edir. İran tərəfi həmin şəxslərin İsrail və ABŞ ilə əlaqəli olduğunu bildirsə də, bu iddianı təsdiqləyən müstəqil sübutlar təqdim olunmayıb.
İraqın Milli Təhlükəsizlik Xidməti Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb. Əməliyyat nəticəsində üç şübhəli şəxs saxlanılıb. Onların Bağdad daxilində pilotsuz uçuş aparatları hazırlamağa çalışdıqları bildirilir. Saxlanılan şəxslərin kimliyi və mümkün əlaqələri barədə məlumat açıqlanmayıb. Hazırlanan aparatların hansı məqsədlə istifadə ediləcəyi də məlum deyil. Hadisə bölgədə təhlükəsizlik gərginliyinin davam etdiyi bir dövrə təsadüf edir. İraq hökuməti ölkədə silahların yalnız dövlətin nəzarətində olmasına çalışır. Bağdad həmçinin müxtəlif silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində tədbirlər görür.
İraqın yüksək səviyyəli təhlükəsizlik heyəti danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. Heyətə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı İdarəsinin rəhbəri, general-polkovnik Əbdüləmir əş-Şəmməri başçılıq edir. Heyətin tərkibinə ölkənin yüksək vəzifəli hərbi və təhlükəsizlik rəsmiləri daxildir. Səfər İraqın Baş naziri Əli əz-Zeydinin ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadə edilməsinə icazə verilməyəcəyini bildirməsindən sonra baş tutub. Danışıqlarda Səudiyyə Ərəbistanına qarşı son hücumların əsas mövzulardan biri olacağı gözlənilir. Tərəflər pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələri də müzakirə edəcəklər. Bağdad və Ər-Riyad sərhədlərarası təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi yollarını nəzərdən keçirəcək. Görüşlər bölgədə davam edən hərbi gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır.
Livan ordusu İsrailin hücumlarının ölkənin cənubunda yerləşdirilmə prosesinə mane olduğunu açıqlayıb. Ordu İsrail hərbçilərini razılaşmaları və beynəlxalq hüququ pozmaqda ittiham edib. Açıqlamada Nəbatiyyə bölgəsində müxtəlif mülki obyektlərin zərər gördüyü bildirilib. Livan tərəfi hücumların bölgədə sabitliyin yaradılmasına mane olduğunu qeyd edib. Ordunun cənubda fəaliyyətini davam etdirdiyi, lakin hücumların prosesləri çətinləşdirdiyi vurğulanıb.
ABŞ Prezidenti Donald Tramp Türkiyədə təyyarə dəyişdirilməsi qərarının Gizli Xidmət tərəfindən verildiyini açıqlayıb. Məlumata görə, hadisə NATO sammitindən sonra baş verib. “The Washington Post” Trampın əvvəlcə “Air Force One”a mindiyini, daha sonra isə mümkün İran təhlükəsi səbəbindən başqa təyyarəyə keçirildiyini yazıb. Təyyarələr arasında keçidin iaşə xidməti avtomobili ilə həyata keçirildiyi bildirilib. Tramp qərarın təhlükəsizlik qurumlarının səlahiyyətində olduğunu qeyd edib.
İraqın Baş naziri Əli Falih əz-Zeydi ölkədə silahların yalnız dövlət nəzarətində saxlanılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması ilə bağlı göstəriş verib. Görüşdə İraqdakı təhlükəsizlik vəziyyəti, sabitliyin qorunması, dövlət sərhədlərinin və hava məkanının müxtəlif təhdidlərdən müdafiəsi istiqamətində görülən tədbirlər müzakirə olunub.
ABŞ İsrail və Livan arasında yeni danışıqlar raundunun sentyabrda Romada keçiriləcəyini açıqlayıb. Danışıqlar ABŞ vasitəçiliyi ilə davam etdiriləcək. Vaşinqton prosesin istiqamətindən razı olduğunu bildirib. Əvvəlki görüşlərdə Livanın cənubundakı vəziyyət və İsrail qüvvələrinin çıxarılması məsələləri müzakirə olunub. Yeni danışıqlarda "pilot zonalar"ın yaradılması əsas mövzulardan biri olacaq. Livan ordusunun həmin ərazilərdə nəzarəti artırması nəzərdə tutulur. ABŞ tərəfi diplomatik prosesin davam etdirilməsini dəstəkləyir.
İran İraq Kürdüstanında fəaliyyət göstərən Komala Partiyasının qərargahına raket zərbəsi endirib. Partiyanın məlumatına görə, hücum Ərbilin şimal-şərqində yerləşən Duli Alan bölgəsində baş verib. Komala sözçüsü Əmcəd Pənahi zərbə zamanı üzvlərin təhlükəsizlik tədbirləri sayəsində qorunduğunu bildirib. Komala İrandakı kürdlərin hüquqlarını müdafiə edən müxalif siyasi qruplardan biridir. Partiya daha əvvəl də İranın hücumlarına məruz qalıb. Komala tərəfi son münaqişə dövründə 102-dən çox raket və pilotsuz uçuş aparatı hücumunun həyata keçirildiyini iddia edir. Son zərbə iki həftə əvvəlki hücumdan sonra baş verib.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti Hodeydə vilayətində baş verən ölümcül mina partlayışına görə husiləri ittiham edib. Partlayış nəticəsində eyni ailənin dörd üzvü ölüb, altı nəfər yaralanıb. Hökumət partlayıcının husilər tərəfindən yerləşdirildiyini iddia edir və bölgənin minalarla ciddi şəkildə çirkləndiyini bildirir. Rəsmi məlumata görə, bu hadisə Hodeydədə qeydə alınan ən ağır partlayışlardan biridir. Husilər isə ittihamlara münasibət bildirməyiblər.
SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi İranın şimal-qərbində yerləşən qüvvələrin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Həmzə Seyyid əş-Şühəda qərargahının qüvvələri regiondankənar düşmənlər və terror qruplarının mümkün addımlarına qarşı hazırdır. Komandan kəşfiyyat imkanları, müasir texnologiyalar və əməliyyat hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb. O, istənilən təhdidə qəti cavab veriləcəyini bəyan edib. Açıqlama Məhəmməd Kərəminin X sosial şəbəkəsindəki paylaşımında yer alıb. İran rəsmisi ölkənin müdafiə hazırlığının davam etdiyini bildirib.
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif hökumətin mümkün ən pis ssenarilərə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, qarşıdakı iki il üçün zəruri ehtiyatların yaradılması istiqamətində iş aparılır. Arif ehtiyatların növü barədə məlumat verməyib. O, hökumətin əsas məqsədinin ölkə daxilində sabitliyin və ictimai asayişin qorunması olduğunu vurğulayıb. İran rəsmisi bütün mümkün ssenarilərin nəzərə alındığını bildirib. Açıqlama regionda davam edən gərginlik fonunda verilib. Hökumətin hazırlıq planlarının təfərrüatları açıqlanmayıb.