BAKI,VOA,Yusif Şərifzadə
İran və Oman Hörmüz boğazının sularının və boğazdan əldə olunan gəlirlərin iki ölkə arasında bölgüsü ilə bağlı razılıq əldə edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü məlumat verib.
VOA xəbər verir ki, İran rəsmisinin sözlərinə görə, Tehran ilə Maskat arasında bu məsələ ilə bağlı danışıqlara təxminən bir ay əvvəl başlanılıb və tərəflərin qəbul etdiyi nəticələr əldə olunub.
“Biz Omanla təxminən bir ay əvvəl danışıqlara başladıq və hər iki tərəfin qəbul etdiyi nəticələrə nail olduq”, – sözçü bildirib.
Onun sözlərinə görə, danışıqlar nəticəsində Hörmüz boğazının sularında hər bir ölkənin payı ilə bağlı razılıq əldə edilib.
İran rəsmisi, həmçinin boğazdan əldə olunan gəlirlərin İran və Oman arasında necə bölüşdürüləcəyi məsələsində də tərəflərin ortaq mövqeyə gəldiyini bildirib.
Sözçü razılaşmanın təfərrüatları, o cümlədən İran və Omanın paylarının hansı nisbətdə müəyyənləşdirildiyi barədə məlumat verməyib.
İran tərəfi ABŞ-ni Tehran ilə Maskat arasında aparılan danışıqlara mane olmaqda da ittiham edib.
Sözçünün sözlərinə görə, Vaşinqtonun müdaxiləsi İran–Oman danışıqlarının ləngiməsinə səbəb olub.