“Hizbullah” ABŞ-nin təşkilatın İranın Qüds qüvvələrinin nəzarəti altında fəaliyyət göstərməsi barədə iddiasını rədd edib. Vaşinqton bundan əvvəl “Hizbullah”a qarşı yeni sanksiyalar elan edib. Təşkilat ABŞ-nin bu iddiadan yeni tədbirlərə haqq qazandırmaq üçün istifadə etdiyini bildirib. “Hizbullah” sanksiyaların Livana təzyiq göstərmək və ölkəni zəiflətmək məqsədi daşıdığını iddia edib. Təşkilat İranla yaxın münasibətlərini isə gizlətməyib. “Hizbullah” Tehranla “yaxın və qardaşlıq münasibətlərindən” qürur duyduğunu bildirib. Bununla yanaşı, təşkilat özünün Livana məxsus qüvvə olduğunu vurğulayıb. “Hizbullah” ABŞ sanksiyalarının onun mövqeyini və “müqavimət” siyasətini dəyişməyəcəyini açıqlayıb.
#İran İslam İnqilabı Keşikçiləri Korpusu
ABŞ Prezidenti Donald Tramp İranla hazırda heç bir danışığın aparılmadığını açıqlayıb. O, tərəflər arasında yeni danışıqların da planlaşdırılmadığını bildirib. Tramp ABŞ-nin İrana qarşı dəniz mühasirəsinin tam qüvvədə qaldığını deyib. ABŞ prezidenti Hörmüz boğazının açıq və fəaliyyət göstərdiyini iddia edib. Onun sözlərinə görə, boğazdakı minalar çıxarılıb və ya partladılaraq zərərsizləşdirilib. Tramp bir gün əvvəl isə ABŞ-nin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə gizli əlaqə vasitəsilə danışdığını bildirmişdi. İran tərəfi həmin iddianı qəti şəkildə rədd edib. Vaşinqton və Tehranın həm danışıqların, həm də Hörmüz boğazındakı vəziyyətin hazırkı durumu ilə bağlı açıqlamaları bir-birindən fərqlənir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Mustafa İzədi Hörmüz boğazının İran qüvvələrinin nəzarətində olduğunu bildirib. O, qarşı tərəfin hazırda aciz vəziyyətdə olduğunu iddia edib. İzədi İranı zəiflətmək məqsədilə göstərilən səylərin nəticə vermədiyini söyləyib. Onun sözlərinə görə, İran hərbi təzyiqlərə baxmayaraq mövqelərini qoruyub. Açıqlama Hörmüz boğazı ətrafında hərbi və siyasi gərginliyin davam etdiyi bir vaxtda verilib. Tehran son günlər diplomatik səylər uğursuz olacağı halda daha sərt addımlar ata biləcəyini bildirib. Hörmüz boğazına nəzarət məsələsi İranla ABŞ arasındakı qarşıdurmanın əsas mövzularından biri olaraq qalır. Bölgədəki vəziyyət dünya enerji daşımaları baxımından da xüsusi əhəmiyyət daşıyır.
Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazından keçən ADNOC ilə əlaqəli gəmiyə İran tərəfindən hücum edildiyini bildirərək hadisəni pisləyib. BƏƏ-nin dövlət xəbər agentliyinin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb və vəziyyət nəzarət altına alınıb. BƏƏ Xarici İşlər Nazirliyi ticarət gəmilərinin hədəfə alınmasını və Hörmüz boğazından iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsini kəskin şəkildə pisləyib. Nazirlik bu addımları İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz quldurluğu əməlləri kimi qiymətləndirib. BƏƏ İranı hücumları dayandırmağa və Hörmüz boğazını tam və qeyd-şərtsiz açmağa çağırıb. Hadisə cümə axşamı daha iki ADNOC gəmisinin hücuma məruz qalmasından bir gün sonra baş verib. Son hücumlar Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Bölgədə enerji daşımalarının təhlükəsizliyi də yeni təhdidlərlə üzləşir.
Bəhreyndə İranın İslam İnqilabı Keşikçiləri Korpusu üçün casusluqda ittiham olunan üç nəfərə ömürlük həbs cəzası verilib. Bəhreyn Prokurorluğu onların İran qurumu ilə əməkdaşlıq etdiyini və ölkəyə qarşı fəaliyyətlərdə iştirak etdiyini bildirib. Körfəz ölkələri son dövrdə İranla əlaqəli olduğu iddia edilən şəbəkələrə qarşı tədbirləri sərtləşdirib. Manama həmçinin İranı dəstəkləyən şəxslərlə bağlı araşdırmaları artırıb. Hadisə ABŞ-İran qarşıdurmasının davam etdiyi və regionda təhlükəsizlik narahatlıqlarının yüksəldiyi bir vaxtda baş verib.
Tehran Universitetinin analitiki Məhəmməd Eslami Körfəz regionunda artan gərginliyin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyat qərarından sonra yarandığını bildirib. O, İranın hazırkı addımlarını özünümüdafiə kimi qiymətləndirib. Analitik Hörmüz boğazının hazırda döyüş meydanına çevrildiyini deyib. Onun sözlərinə görə, İran bu strateji su yolunda mövqeyinin ciddi olduğunu göstərmək istəyir. Eslami region ölkələrini əməkdaşlığa çağırıb. O bildirib ki, İran qonşuları ilə birgə inkişaf modelini dəstəkləyir. Analitikin açıqlamaları ABŞ-İran qarşıdurmasının davam etdiyi bir vaxtda verilib.
ABŞ və İran arasında aşağı intensivlikli qarşıdurmanın yenidən genişmiqyaslı müharibəyə çevrilə biləcəyi bildirilir. Son hücumlar anlaşmadan sonra ən böyük hərbi əməliyyatlardan biri kimi qiymətləndirilir. İran rəsmiləri son hücumlarda itkilərin olduğunu açıqlayıb. ABŞ-ın Qeşm adası və Buşehr bölgəsinə zərbələr endirdiyi bildirilir. İran isə Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ mövqelərinə cavab hücumları həyata keçirdiyini açıqlayıb. Hörmüz boğazı ilə bağlı gərginlik yenidən artıb. Ekspertlər qarşıdurmanın daha geniş müharibəyə çevrilməsi riskindən narahatdırlar.
İran Britaniyanın SEPAH-ı təhlükəsizlik təhdidi kimi tanımaq qərarını pisləyib. Tehran bu addımı əsassız və məsuliyyətsiz adlandırıb. İran Xarici İşlər Nazirliyi SEPAH-ın ölkənin rəsmi hərbi qurumu olduğunu bildirib. Britaniya isə SEPAH-a və onunla əlaqəli qrupa dəstəyi qadağan edib. London bu qərarın xarici dövlətlərin nəzarətində olan fəaliyyətlərin qarşısını almaq məqsədi daşıdığını açıqlayıb. İran daha əvvəl müxtəlif silahlı qruplara dəstək verdiyi ilə bağlı ittihamları rədd edib. Qərar iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik yaradıb.
Britaniyanın Baş naziri Kir Starmer SEPAH-ın terror təşkilatı kimi tanınması prosesini sürətləndirməyə çalışır. Bu məsələ ilə bağlı əvvəlki hökumətlər də təşəbbüslər irəli sürüb, lakin hüquqi maneələr səbəbindən qərar qəbul edilməyib. Əsas çətinlik SEPAH-ın İran dövlətinin rəsmi strukturlarından biri olması ilə bağlıdır. Starmer aprel ayında bununla bağlı qanun layihəsini parlamentə təqdim edib. Britaniya hökuməti yeni qərarın İranın ölkə daxilində fəaliyyətinin artması ilə bağlı olduğunu bildirir. Rəsmi şəxslər yəhudi və İsraillə əlaqəli obyektlərə qarşı hücumları nümunə göstərirlər. SEPAH-la bağlı qərarın Britaniyanın Tehran siyasətinə təsir göstərə biləcəyi qeyd olunur.
ABŞ-nin İrana endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun 3 üzvünün öldüyü açıqlanıb. İran mediası hadisə ilə bağlı məlumat yayıb. ABŞ və İran arasında son günlər davam edən qarşılıqlı hücumlar atəşkəs razılaşmasının gələcəyini sual altına qoyur. ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların davam etdiyini təsdiqləsə də, bunun tammiqyaslı müharibəyə çevrilməsini istəmədiyini bildirib. Tərəflər arasında artan gərginlik Yaxın Şərqdə yeni qarşıdurma ehtimalını yüksəldir.
Küveyt, İordaniya, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri İranın son hərbi əməliyyatlarını kəskin şəkildə pisləyərək onları regional sabitliyə ciddi təhdid adlandırıblar. Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın hərbi əməliyyatları bölgədə gərginliyin azaldılmasına yönəlmiş regional və beynəlxalq səylərə zərbə vurur. Rəsmi Küveyt ölkənin təhlükəsizliyi, suverenliyi, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinin "qırmızı xətt" olduğunu vurğulayıb.
Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnallarının yenidən işə düşdüyünü bildirərək əhalini təhlükəsiz sığınacaqlara keçməyə çağırıb. Nazirliyin yaydığı açıqlamada vətəndaşlar və ölkə sakinlərindən sakitliyi qorumaq, ən yaxın təhlükəsiz yerə sığınmaq xahiş olunub. Bəyanata əsasən, gün ərzində artıq ikinci dəfə hava həyəcanı siqnalları səsləndirilib. Bundan əvvəl də İranın hücumları fonunda oxşar xəbərdarlıq edilmişdi.