BAKI,VOA,Yusif Şərifzadə
Ağ Ev ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) Hava və Radiasiya İdarəsinə rəhbərlik etmək üçün agentliyin rəhbəri Li Zeldinin baş müşaviri Castin Şvabın namizədliyini irəli sürməyə hazırlaşırdı. Lakin hazırkı rəhbər Aaron Szabonun istefasının təxirə düşməsi səbəbindən bu plan hələlik həyata keçirilməyib.
VOA xəbər verir ki, məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, Aaron Szabo əvvəlcə iyulun 17-də EPA-dan ayrılaraq özəl sektorda fəaliyyətə başlamağı planlaşdırırdı. O, əməkdaşlarla vidalaşma mərasimlərində də iştirak edib.
Lakin son anda Szabonun hüquq firmasına keçidi baş tutmayıb. EPA bildirib ki, o, Prezident Donald Trampın gündəliyinin həyata keçirilməsini davam etdirmək məqsədilə agentlikdə bir müddət də fəaliyyət göstərəcək.
Castin Şvab bu ay Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasından EPA-ya baş müşavir kimi keçib. O, həmçinin Donald Trampın ilk prezidentlik dövründə EPA-da baş hüquq müşavirinin müavini vəzifəsində çalışıb.
Şvabın Hava və Radiasiya İdarəsinə daimi rəhbər təyin olunması üçün Ağ Evin onun namizədliyini rəsmi şəkildə irəli sürməsi və ABŞ Senatının təsdiqi tələb olunur. Müşahidəçilər bildirirlər ki, bu vəzifənin geniş səlahiyyətləri nəzərə alınaraq Senatda təsdiq prosesi asan olmaya bilər.
Ağ Ev məsələ ilə bağlı sorğunu cavablandırarkən bütün kadr qərarlarının administrasiya tərəfindən rəsmi şəkildə elan ediləcəyini bildirib. Castin Şvab və Aaron Szabo isə xəbərlə bağlı şərh verməyiblər.