BAKI,VOA Orxan Qədirzadə
İsrail ordusunda qeyri-adi insident baş verib. Yerli KİV-lərin məlumatına görə, təxminən 100 hərbçi və zabit komandirlə yaşanan mübahisədən sonra ölkənin cənubundakı "Sde Teyman" hərbi bazasını icazəsiz tərk edib.
İsrailin Yisrael Hayom qəzetinin yaydığı məlumata əsasən, hadisə "Qivati" briqadasının "Tsabar" batalyonunda baş verib. Hərbçilərin bazanı tərk edərkən silahlarını orada qoyduqları bildirilir.
Maariv nəşrinin hərbi mənbəyə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində batalyonun döyüş hazırlığı müvəqqəti olaraq pozulub. Bildirilir ki, sözügedən bölmə yaxın vaxtlarda Qəzza zolağında keçiriləcək hərbi əməliyyatlara cəlb olunmalı idi.
İsrail ordusu araşdırmaya başlayıb
İsrail Qüvvələri (IDF) hadisəni təsdiqləyərək bəyan edib ki, döyüş bölməsində xidmət edən bir qrup hərbçi komandirlərinin icazəsi olmadan bazanı tərk edib.
Ordudan bildirilib ki, hadisə araşdırılır və bu davranış hərbi xidmət qaydaları ilə ordunun dəyərlərinə uyğun hesab edilmir.
Mübahisənin səbəbi
İsrail mətbuatının yazdığına görə, insidentin səbəbi batalyon daxilində təcrübəli hərbçilərlə komandanlıq arasında yaranan fikir ayrılığı olub.
Məlumata əsasən, bəzi uzunmüddətli xidmət keçən hərbçilər bölmədə müəyyən davranış qaydalarının tətbiqini tələb edib. Bu isə daxili gərginliyi artıraraq kütləvi şəkildə bazanın tərk edilməsinə gətirib çıxarıb.
Hərbi mənbələr hadisəni İsrail ordusunda nadir rast gəlinən və əməliyyat hazırlığına birbaşa təsir göstərən insident kimi qiymətləndirirlər.
"Sde Teyman" beynəlxalq tənqidlərin hədəfindədir
Hadisənin baş verdiyi "Sde Teyman" bazası 2023-cü ilin oktyabrından sonra saxlanılan fələstinlilərin yerləşdirildiyi hərbi saxlanma mərkəzi kimi tanınır.
Beynəlxalq insan hüquqları təşkilatları və müxtəlif hesabatlarda burada saxlanma şəraiti, işgəncə, pis rəftar və digər hüquq pozuntuları ilə bağlı çoxsaylı iddialar irəli sürülüb. İsrail bu ittihamların bir hissəsini rədd etsə də, məsələ beynəlxalq səviyyədə müzakirə olunmaqda davam edir.