BAKI,VOA, Fərid Mikayılov
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana qarşı hücumlarına hər hansı formada dəstək verən ölkələri sərt cavabla hədələyib.
VOA xəbər verir ki, bəyanatda bildirilib ki, ABŞ-ın regiondakı və ondan kənardakı müttəfiqləri davranışlarını dəyişməlidirlər. Əks halda, İran Silahlı Qüvvələrinin cavab tədbirləri ilə üzləşəcəkləri vurğulanıb.
SEPAH həmçinin bildirib ki, Hörmüz boğazının cənubunda təhlükəsiz hesab edilməyən marşrutla hərəkət etməyə çalışan daha iki neft tankerində partlayış baş verib. Məlumata görə, gəmilərdən birində baş verən güclü yanğından sonra hər iki tanker geri dönüb.
Bəyanatda ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətləri tənqid edilərək qeyd olunub ki, bu strateji su yolu İranın nəzarətindədir və Tehran "minlərlə kilometr uzaqdan gələn qüvvələrin" bölgənin dəniz fəaliyyətlərinə müdaxiləsinə imkan verməyəcək.
SEPAH əlavə edib ki, ABŞ rəsmilərinin təhdidləri və bölgədəki müdaxilələri davam etdiyi müddətdə Hörmüz boğazı açılmayacaq. Bəyanatda vurğulanıb ki, ABŞ-a dəstək verən ölkələr davranışlarını dəyişməsələr, sərt cavabla üzləşəcəklər.