BAKI,VOA, Nailə Babazadə
İran ilə ABŞ arasında sabah Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilən diplomatik təmaslar öncəsində İran tərəfi öz "qırmızı cizgilərini" bəyan edib.
VOA xəbər verir ki, İran nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilən Parlament sədri Məhəmməd Baqir Qalibaf danışıqların rəsmən başlaması üçün iki mühüm ilkin şərt irəli sürüb.
Qalibaf tərəflər arasında daha əvvəl qarşılıqlı razılıq əldə edilmiş, lakin hələ də icra olunmamış iki əsas bəndin olduğunu xatırladıb. O, bu addımların atılmasının prosesin sağlam irəliləməsi üçün zəruri olduğunu vurğulayıb: "Tərəflər arasında razılaşdırılmış, lakin indiyədək həyata keçirilməyən iki məsələ var: Livanda atəşkəsin təmin edilməsi və danışıqlar başlamazdan əvvəl İranın bloklanmış aktivlərinin sərbəst buraxılması".
İranlı spiker bu iki şərtin müzakirələr başlamazdan əvvəl mütləq şəkildə yerinə yetirilməli olduğunu qeyd edib. Bu bəyanat Pakistanın vasitəçiliyi ilə keçiriləcək görüşlərdə Tehranın masaya kifayət qədər sərt mövqe ilə oturacağını göstərir. Qalibafın sözlərinə görə, İranın xaricdə dondurulmuş vəsaitlərinin qaytarılması və Livanın təhlükəsizliyinin təmin olunması diplomatik etimadın bərpası üçün həlledici amillərdir.