İran ilə ABŞ arasında sabah Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilən diplomatik təmaslar öncəsində İran tərəfi öz "qırmızı cizgilərini" bəyan edib. İran nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilən Parlament sədri Məhəmməd Baqir Qalibaf danışıqların rəsmən başlaması üçün iki mühüm ilkin şərt irəli sürüb.
#İran kəşfiyyatı İsrail
ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" (Destansı Öfke) əməliyyatının ilk 36 saatına dair yayımlanan hərbi analizlər hücumların miqyasını və intensivliyini ortaya qoyur. Aparılan araşdırmalara görə, hücumların ilkin mərhələsində 3 mindən çox yüksək dəqiqlikli idarə olunan sursat və önləyici raketdən istifadə edilib. Bu qədər intensiv sursat sərfi Qərbin müdafiə sənayesinin tədarük zənciri və ehtiyatların yenilənməsi imkanları üzərində ciddi təzyiq yaradır. Analizlər göstərir ki, ABŞ ordusu əməliyyatın ilk 36 saatında təkcə GBU-31, GBU-32 və GBU-38 tipli JDAM idarəetmə dəstlərindən təxminən 250 ədəd istifadə edib.
Səhər saatlarında İsrail döyüş təyyarələri İranın paytaxtı Tehranın müxtəlif bölgələrini hədəf alıb. Yerli medianın yaydığı məlumata görə, İsfahan şəhərində də güclü partlayış səsləri eşidilib. Hücumların şəhərin konkret hansı nöqtələrinə edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib. Fevralın 28-dən etibarən İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənməkdə davam edir. İran tərəfi bu hücumlara cavab olaraq İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdəki müəyyən hədəfləri vurduğunu açıqlayıb.
ABŞ "regional gərginliklər səbəbindən" Küveytdəki səfirliyini müvəqqəti olaraq bağlayıb.
İranın rəsmi xəbər agentliyi IRNA İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilən "Sadiq vədə 4" əməliyyatının 14-cü dalğası ilə bağlı bəyanatını yayımlayıb. Bəyanatda Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ aviabazasının əsas komandanlıq və qərargah binasının 20 pilotsuz uçuş aparatı (PUA) və 3 raketlə hədəf alındığı bildirilib.Digər tərəfdən, Bəhreyndə sirenlər səslənib, hava hücumundan müdafiə sistemləri aktivləşdikdən sonra partlayış səsləri eşidilib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun qurumun fəaliyyətini məhdudlaşdırdığını etiraf etsə də, ABŞ və İsrailin İrana qarşı birtərəfli hərbi müdaxiləsini tənqid edib. Nazir Barro mətbuata açıqlamasında bildirib ki, İran rejimi onilliklərdir nüvə proqramını tənzimləyən və silahlı qruplaşmalara dəstəyi qadağan edən BMT qərarlarına məhəl qoymur. O, bölgədə qalıcı sülhün təməli sayıla biləcək beynəlxalq təsisatlar çərçivəsində bu problemin həll olunmamasını "təəssüf doğuran hal" kimi qiymətləndirib.
"Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" barədəki xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Türkiyə Prezident administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (DMM) verdiyi açıqlamada bildirilib. "Bəzi sosial media hesablarında paylaşılan "Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" yönündəki iddialar həqiqəti əks etdirmir. Türkiyədə hər hansı bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava, quru və dəniz sahəsi ilə hərbi obyektləri tamamilə öz suverenliyi və nəzarəti altındadır. Ölkəmizə qarşı hər hansı bir hücum baş vermədiyi kimi, Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq bir dezinformasiya cəhdidir." - deyə açıqlamada qeyd edilib.
İran Qırmızı Aypara Cəmiyyəti, ABŞ və İsrailin həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 555-ə çatdığını bəyan edib. Fars xəbər agentliyi İran Qırmızı Aypara Cəmiyyəti tərəfindən edilən yazılı açıqlamanı yayımlayıb. Açıqlamada "131 yaşayış məntəqəsinə təşkil edilən hücumlarda 555 nəfər həyatını itirdi" ifadələrinə yer verilib. Yaralıların sayı ilə bağlı məlumat verilməyib.
Səudiyyə Ərəbistanının "Aramco" şirkəti dron hücumuna məruz qaldıqdan sonra ehtiyat tədbiri olaraq Ras Tanuradakı neft emalı zavodunu bağlayıb. Məlumata görə, bu addım obyektin təhlükəsizliyini təmin etmək və dron zərbəsinin fəsadlarını qiymətləndirmək məqsədilə atılıb. Ras Tanura zavodu qlobal enerji bazarı üçün strateji əhəmiyyət kəsb edən mərkəzlərdən biri hesab olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hücumlar və Tehranın cavab zərbələri ilə yaranan gərginlik çərçivəsində dünya liderləri ilə silsilə telefon görüşləri keçirib. Ərdoğan bu çərçivədə ABŞ Prezidenti Donald Tramp, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, həmçinin Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt liderləri ilə bölgədəki son vəziyyəti müzakirə edib.
"Dawn" qəzetinin xəbərinə görə, Xameneinin ABŞ-İsrail hücumları nəticəsində öldürülməsindən sonra Gilgit-Baltistan bölgəsində nümayişlər şiddətlənib. Bölgədəki Birləşmiş Millətlər Təşkilatının (BMT) ofislərinə hücum edən nümayişçilər məktəb və polis bölməsini də yandırıblar. Gilgit-Baltistan polisi Skardu şəhərində komendant saatı elan edildiyini duyurub. Polis təmkinli olmağa çağırış edərək, dövlət əmlakının qorunmasının bütün vətəndaşların məsuliyyəti olduğunu bildirib. Bölgədəki bütün xarici turistlərin təhlükəsiz ərazilərə təxliyə edildiyi və bəzi yolların təhlükəsizlik səbəbindən hərəkətə bağlandığı xəbər verilir. Gilgit-Baltistan bölgəsində mağazalar, bazarlar və ticarət mərkəzləri bağlı qalarkən, ticari fəaliyyətlər dayandırılıb.
Türkiyənin ticarət naziri Ömər Bolat, regionda baş verən və qlobal təsirləri hiss edilən son hadisələr fonunda Türkiyə-İran sərhədindəki gömrük qapıları ilə bağlı rəsmi açıqlama yayıb. Nazir bildirib ki, Türkiyənin İran ilə olan gömrük məntəqələrindəki vəziyyət gömrük təşkilatı tərəfindən anbaan izlənilir və hərtərəfli qiymətləndirilir. Hazırda Türkiyə-İran sərhədində yerləşən Ağrı - Gürbulak, Van - Kapıköy və Hakkari - Esendere gömrük qapılarında hər hansı fövqəladə vəziyyət yaşanmır. Nazir Bolatın sözlərinə görə, hər üç məntəqədə ticari yüklərin keçidi İran tərəfi ilə koordinasiyalı şəkildə və nəzarət altında fasiləsiz davam etdirilir. Lakin təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən üç gömrük qapısında gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb.