Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

    Bu barədə Trend-in xüsusi müxbiri məlumat verib.

    Əvvəlcə Almaniyanın Federal Kansleri bəyanatla çıxış etdi.

    Kansler Fridrix Mertsin

    bəyanatı

    - Xanımlar və cənablar, xoş gəlmisiniz.

    Mən bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevi salamlamaqdan olduqca məmnunam. Bu gün biz hələ mart ayında planlaşdırılan səfərinizi həyata keçiririk. Lakin səfəri İranla müharibə səbəbindən təxirə salmalı olduq.

    Bununla belə, səfər, həmçinin göstərir ki, ölkələrimiz bu günün əsas böhranlarından və müharibələrindən yan keçə bilmir. Bu, həm Orta Şərqə, həm Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə aiddir. Həmin müharibələr Almaniyaya və Azərbaycana onların təhlükəsizliyi və iqtisadi maraqları baxımından böyük təsir göstərib. Baxmayaraq ki, hər iki münaqişə təfərrüatlarına görə fərqli ola bilər. Biz istənilən halda danışıqlar yolu ilə həll variantlarını təşviq edirik. Bizi eyni qənaət birləşdirir ki, yekun nəticədə yalnız danışıqlar yolu ilə nizamlama uzunmüddətli sülhü, təhlükəsizliyi və sabitliyi gətirə bilər.

    Cənab Prezident, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bu səbəbdən, cənab Prezident, biz Sizi Almaniyada salamlamaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklər davam etmiş münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Alman və Avropa perspektivindən nəyi edə bilsək, bundan şad olarıq.

    Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox şadam ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. 2025-ci ilin yazında Prezident Ştaynmayer Azərbaycana səfər etmiş ilk alman dövlət başçısı oldu. Bu il, həmçinin parlamentlərimiz arasında intensiv mübadilələr oldu. Bu gün Birgə Bəyannaməni imzalamaqla biz ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin təməl daşını qoyduq. Həmçinin mərasim zamanı Siz də şahidi oldunuz, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılıq əldə edildi.

    Bu, hər iki ölkənin şirkətlərinə verilən mühüm işarədir. Biz Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırıq. Hazırkı böhran şəraitində xam neftin və Cənubi Qaz Dəhlizi ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident, biz bunları təfərrüatı ilə müzakirə etdik. Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik. Bu gün biz, həmçinin bərpaolunan enerji və hidrogendən istifadənin genişləndirilməsini müzakirə etdik.

    Biz, həmçinin Azərbaycanın sərmayə proqramına aid təklifinə gəldikdə konstruktiv müzakirələr aparırıq. Bu proqram Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri üçün yeni imkanlar aça bilər. Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyəti də artır. Yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək istədiyimiz iqtisadi potensialı yaradır. Cənab Prezident, bildiyiniz kimi, kiçik və orta müəssisələr üçün uzun məsafədə sərmayə yatırmaq çox zaman asan olmur. Yerlərdə münasib çərçivə şərtləri hər zaman olduqca vacibdir.

    Həmin məsələləri biz bu gün müzakirə etdik. Bu gün imzalanmış iki bəyannamə ilə biz irəliyə doğru böyük addım atdıq. Cənab Prezident, Berlinə səfər etdiyinizə görə Sizə bir daha dərindən minnətdaram. Mən Azərbaycan ilə Almaniya arasında davamlı məhsuldar əməkdaşlığı səbirsizliklə gözləyirəm.

    x x x

    Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

    Prezident İlham Əliyevin

    bəyanatı

    - Sağ olun, cənab Kansler. İlk növbədə, mənə göstərdiyiniz qonaqpərvərliyə görə və rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Yenidən ölkənizdə olmağımdan çox məmnunam. Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir.

    İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.

    Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür.

    Siz enerji sahəsindəki əməkdaşlığa toxundunuz. Bu istiqamətdə də müsbət nəticələr var. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.

    Bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın.

    Eyni zamanda, Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib.

    Yəni biz çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir.

    Son olaraq, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.

    Bir daha, cənab Kansler, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və Sizi də Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

    x x x

    Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
    #Azərbaycan #Almaniya #Cənubi Qafqaz #Yaşıl Enerji #İlham Əliyev #strateji tərəfdaşlıq #enerji əməkdaşlığı #Berlin #Fridrix Merts
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    21 İyul 2026 18:18

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

    21 İyul 2026 18:11

    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

    21 İyul 2026 18:05

    Azərbaycan-Almaniya münasibətləri çox dinamik inkişaf edir - Merts

    21 İyul 2026 16:30

    Azərbaycanla enerji əməkdaşlığımızı daha da şaxələndirmək istəyirik - Merts

    21 İyul 2026 16:28

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.