#Mikayıl Cabbarov

Daşkənddə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirə iki ölkədən 400-dək şirkətin nümayəndəsi qatılıb. Forumda ticarət, sərmayə, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Orta Dəhlizin sadəcə tranzit marşrutundan əlavə dəyər yaradan iqtisadi platformaya çevrilməsi əsas hədəflərdən biri kimi göstərilib. Qarabağ və Şərqi Zəngəzurun sərmayə imkanlarına xüsusi diqqət ayrılıb. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək yüksək qiymətləndirilib. Forum çərçivəsində energetika, maliyyə, infrastruktur, tikinti və istehsal sahələrini əhatə edən əməkdaşlıq sənədləri mübadilə edilib. Tərəflər yeni birgə layihələrin həyata keçirilməsi və özəl sektorlar arasında əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Azərbaycan və Özbəkistan arasında IV Regionlararası Forum çərçivəsində yeni əməkdaşlıq sənədləri imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Sənədlər energetika, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələri əhatə edir. Məqsəd iki ölkə arasında iqtisadi əlaqələri daha da şaxələndirməkdir. Yeni razılaşmalar işgüzar birliklər arasında birbaşa əlaqələrin gücləndirilməsinə xidmət edəcək. Özəl sektorun potensialından daha geniş istifadə olunması əsas hədəflərdən biri kimi göstərilir. Tərəflər yeni birgə layihələrin həyata keçirilməsini də planlaşdırırlar. Forumun nəticələrinin Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının daha da inkişafına təkan verəcəyi gözlənilir.

Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu Daşkənddə işini başa çatdırıb, Plenar iclas çərçivəsində Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, iki ölkənin investisiya və ixrac agentliklərinin nümayəndələri, həmçinin Özbəkistan və Azərbaycan regionlarının nümayəndələri çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla növbəti mentorluq görüşünü keçirib. Görüşdə idarəçilik, strateji qərarların qəbulu və iqtisadi transformasiya şəraitində peşəkar inkişaf məsələləri müzakirə olunub. Həmçinin fərdi inkişaf planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr dəyərləndirilib. Tərəflər müasir idarəetmə yanaşmaları və rəhbərlik bacarıqlarının inkişafı barədə fikir mübadiləsi aparıblar. Görüş Mentorluq proqramı çərçivəsində təşkil olunub. Proqramın məqsədi gənc rəhbər kadrların peşəkar inkişafına dəstək verməkdir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PauerÇayna Risorsis" şirkətinin prezidenti Yanq Tyanfu ilə görüş keçirib. Görüşdə Azərbaycanın investisiya mühiti və enerji ixracı imkanları təqdim olunub. Tərəflər yaşıl enerji sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər. Günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihələrə xüsusi diqqət yetirilib. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni imkanlar da nəzərdən keçirilib. Enerji, mineral ehtiyatlar və su resurslarının səmərəli idarə olunması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib. Görüşdə gələcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın “Agrofert” Şirkətlər Qrupunun nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan və Çexiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Azərbaycanın investisiya mühiti və qeyri-neft-qaz sektorunda aparılan islahatlar barədə məlumat təqdim olunub. Sahibkarlığa dövlət dəstəyi mexanizmləri də görüşün əsas mövzularından biri olub. Həmçinin investisiya layihələri üzrə birgə fəaliyyət imkanları müzakirə edilib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb BAKI,VOA Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib. "Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün Özbəkistana səfərimiz zamanı Prezident cənab Şavkat Mirziyoyevin qəbulunda olduq, Prezident İlham Əliyevin salamlarını çatdırdıq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə salamlarını çatdıraraq Azərbaycan – Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin fəal təşviqi, biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - deyə nazir paylaşımda qeyd edib.

Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat sahəsində yeni əməkdaşlıq sənədi imzalayıblar. Razılaşma Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Daşkəndə səfəri zamanı əldə olunub. Sənəd Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası çərçivəsində imzalanıb. Üçtərəfli birgə müəssisədə “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti iştirak edəcək. Layihə geoloji kəşfiyyat işlərinin aparılmasını və perspektivli yataqların araşdırılmasını nəzərdə tutur. Tərəflər həmçinin iqtisadi, energetika, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair protokol da imzalayıblar. Yeni təşəbbüsün investisiya və dağ-mədən sənayesi üzrə tərəfdaşlığı gücləndirəcəyi bildirilir. Bu razılaşma Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığında növbəti mühüm addım hesab olunur.

Azərbaycan nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib. Tərəflər ticarət, investisiya, sənaye, energetika və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Orta Dəhliz üzrə əməkdaşlığın və regional bağlantıların inkişafının əhəmiyyəti xüsusi vurğulanıb. İclasın yekununda Birgə Hökumətlərarası Komissiyanın Protokolu imzalanıb. Həmçinin geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılmasına dair sənəd qəbul edilib. Yeni layihənin Özbəkistanda perspektivli yataqların araşdırılmasını və investisiya imkanlarının artırılmasını hədəflədiyi bildirilib. Razılaşmaların iki ölkə arasında iqtisadi tərəfdaşlığı daha da gücləndirəcəyi gözlənilir.

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında ölkənin iqtisadi inkişaf prioritetləri ilə bağlı mühüm məsələlər müzakirə olunub. Görüşdə 2026-2030-cu illəri əhatə edən turizmin inkişafı üzrə Dövlət Proqramının layihəsi, eləcə də dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivləri diqqət mərkəzində olub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və iqtisadiyyat naziri Mikayıl Cabbarov təqdimatlarla çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib. Səfər çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.