BAKI,VOA
İqtisadiyyat Nazirliyində Çex Respublikasının “Agrofert” Şirkətlər Qrupunun nümayəndələri ilə keçirilən görüşdə aqrar-sənaye, kimya sənayesi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
İqtisadiyyat Nazirliyi xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Çexiya arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, eləcə də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında potensial əməkdaşlıq istiqamətlərini, həmçinin investisiya layihələri üzrə birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi və iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün mövcud potensialın yüksək olduğu qeyd edilib.