Yəməndə son on ilin ən mühüm hərbi inkişafı hökumət qüvvələrinin müxtəlif bölgələrdə və fərqli hərbi birləşmələr vasitəsilə husi silahlılarına qarşı "dron" (pilotsuz uçuş aparatı - PUA) tənliyini dövriyyəyə buraxması oldu. Bu addım təkcə yəmənlilərin döyüş ruhunu yüksəltmək və husi tərəfdarlarını təşvişə salmaqla qalmayıb, havadan qurudakı vəziyyətə birbaşa təsir göstərərək hərbi fərq yaradıb. Hazırda hökumət qüvvələri quruda paralel əməliyyatlara başlayıb.Bu əməliyyatlarda artilleriyadan və müharibənin əvvəlindən bəri ilk dəfə olaraq Yəmən hərbi hava qüvvələrindən istifadə olunur.
Nələr baş verdi? (İyun–Avqust 2026)
Bu dönüş tədrici deyil, bir neçə həftə ərzində qəfil baş verdi və Yəmənin qanuni hökumətinin inteqrasiya olunmuş hərbi sistemini nümayiş etdirdi:
İyun 2026: Yəmənin Müdafiə naziri general-leytenant Tahir əl-Uqeyli müsahibəsində Silahlı Qüvvələrin bəziləri yerli istehsal, bəziləri isə satın alınmış dronlara sahib olduğunu və onların bir sıra cəbhələrdə xidmətə daxil edildiyini açıqladı.
29–30 iyul: Pilotsuz aviasiyanın ilk ictimai nümayişi keçirildi. Dronların paradda peyda olması, müharibə illəri boyu koalisiya aviasiyasına güvənən hökumətin hərbi doktrinasında mühüm dəyişikliyi əks etdirdi; bu arada husilər daxildə, sərhədyanı və dənizdə dron istifadəsini genişləndirmişdilər.
Avqustun əvvəli: Husilərdən sərt eskalasiya qeydə - Məribdə Prezident Rəhbərlik Şurasının 58 əsgəri son illərin ən qanlı hücumlarında həlak oldu və Əl-Muxa limanı iflic vəziyyətinə salındı.
Avqustun ortaları: FPV sistemi ilə idarə olunan kamikadze dronların ilk dəfə sahə xidmətinə daxil edildiyi və husilərin kazarmaları ilə hərbi maşınlarına qarşı zərbələrdə tətbiq olunduğu üzə çıxdı.
20 avqust: Cənub Nəhəngləri Briqadaları (Əl-Amalika) kamikadze dronlar, "FPV kvadrokopterlər", döyüş sursatı atan dronlar, kəşfiyyat vasitələri və radarları özündə birləşdirən xüsusi pilotsuz aviasiya bölməsini ictimaiyyətə təqdim etdi.
Prezident Rəşad əl-Aliminin rəhbərlik etdiyi Yəmən hökuməti 18 avqust tarixində 24 saat ərzində 100-dən çox hücum və husilərin imkanlarına qarşı 133-ə yaxın əməliyyat həyata keçirdiyini elan etdi.
Hətta bundan əvvəl, 17 avqustda yayılan məlumatlara görə, Yəmən qüvvələri artan dron imkanlarından artilleriya ilə birlikdə istifadə edərək 200-dən çox husi döyüşçüsünü zərərsizləşdirib. Qarşı tərəfdən gələn diqqətçəkən etiraf da bunu təsdiqləyir: husi mediası təxminən bir həftə ərzində 28-i səhra komandiri olmaqla 84 üzvünün öldürüldüyünü təsdiqləyib.
Bu vəziyyət qüvvələr balansını dəyişirmi?
Hərbi analitiklərin yekdil ehtiyatlı rəyinə görə, bu hadisə gözlənilən müharibədə mühüm dönüşdür və proses davamlı olacağı təqdirdə strateji deyil, məhz taktiki balansı dəyişir.
Nələr dəyişdi? Bütöv bir onillik ərzində husilər havada qeyri-simmetrik müharibə üstünlüyünü inhisarda saxlayırdılar. Onlar təmas xətlərindən uzaqda olan rəqiblərini izləmək, onların toplaşma məntəqələrini və komanda mərkəzlərini vurmaq imkanına malik idilər; hökumət qüvvələri isə yalnız müdafiə və zərərsizləşdirmə mövqeyində qalırdı. Bu inhisar artıq qırıldı.
Nələr dəyişməz qaldı? Strateji uçuş məsafəsi və sənaye dərinliyindəki fərq hələ də qalmaqdadır. Husilər nəzarət xəritəsini dəyişmədən strateji zərər vurmaq qabiliyyətini saxlayırlar. Strateji Babülməndəb yaxınlığındakı Əl-Muxa limanı 35-dən çox raket və dron zərbəsinə məruz qalıb, 16 nəfər həlak olub, 22 nəfər yaralanıb və liman dəniz hərəkəti üçün bağlanıb; hərbi məlumatlara görə, son eskalasiyada Əl-Muxa istiqamətinə atılan raket və dronların sayı təxminən 90 ədəddir. İrana bağlı qruplaşma Tehranın çağırışına cavab olaraq boğaza nəzarət etməyə və dəniz ticarətini əngəlləməyə çalışır.
Hər iki tərəfin hərbi gücünün say və keyfiyyət fərqi
Heç bir tərəfin malik olduğu dronların dəqiq sayı barədə açıqlanmış rəsmi rəqəmlər yoxdur; Yəmən hökuməti dronlarının növlərini, uçuş məsafələrini, texniki və əməliyyat imkanlarını açıqlamayıb, husi qruplaşması da öz arsenalının siyahısını dərc etmir. Lakin istifadə təcrübəsi aralarındakı aydın fərqi üzə çıxarır.
Husilər təxminən on illik təcrübəyə malikdirlər və 2016-cı ilin sentyabrından bəri 1000-dən çox dron əməliyyatı keçirərək 700-dən çox insanın ölümünə səbəb olublar. Hökumət qüvvələrinin təcrübəsi isə bir neçə həftə və ya ayla məhdudlaşır və onların toplanmış arxivləşdirilmiş əməliyyat bazası yoxdur.
Fərq həm də növlərdə və uçuş məsafəsində özünü göstərir. Husilər strateji və təktərəfli kamikadze dronlardan istifadə edirlər; bunlar arasında 1500 kilometrə qədər uçuş məsafəsi və 18 kiloqramlıq döyüş başlığı olan "Sammad-3", habelə 30 kiloqrama qədər döyüş yükü daşıyan "Qasif" ailəsi var. Hökumət qüvvələri isə əsasən qısamənzilli, məsafədən idarə olunan və təkrar istifadə edilə bilən taktiki dronlara arxalanır.
Husilər İran və Livan "Hizbullah"ının texniki dəstəyindən faydalandığı halda, hökumət qüvvələri mülki dronların hərbi məqsədlər üçün uyğunlaşdırılmasına üstünlük verir. Dolayı kəmiyyət müqayisəsi üçün qeyd edək ki, Yəmən hökuməti 2022-ci ilin noyabrından 2023-cü ilin iyununa qədər ölkəyə qaçaq yolla gətirilən 254 pilotsuz uçuş sistemini ələ keçirib; bu yalnız ələ keçirilən sistemlərin sayıdır.
Dron videolarının sayı və ya baxış statistikası ilə bağlı rəsmi dərc olunmuş heç bir məlumat yoxdur. Lakin aydındır ki, hökumət qüvvələrinin husilərə qarşı yaydığı videolar milyonlarla izləyici toplayır, xüsusən də qiyamçılara qarşı genişmiqyaslı hücum gözləntiləri fonunda bu maraq daha da artıb. Heç bir araşdırma və ya media qurumu dəqiq bir rəqəm açıqlamayıb. Yəmən qüvvələrinin videoları böyük maraq doğurub, yerli mediada geniş yayılıb və beynəlxalq medianın diqqətini cəlb edib. Bu görüntülərdən görünür ki, husilər vaxtilə sahib olduqları üstünlüyün sonu ilə üz-üzədir.
Media sahəsindəki proseslər
Hökumətin hərbi bölmələri avqustun əvvəlindən bəri demək olar ki, hər gün hədəfləri izləyən, bomba atan, döyüşçüləri zərərsizləşdirən və zirehli texnikaları məhv edən süni intellekt məhsulu olmayan, təsdiqlənmiş real dron kadrlarını yayımlayır.
Husi "mediası" öz sıralarının birliyi üçün narahatdır və qərargahlarına endirilən zərbələri göstərən təbliğat səbəbindən daxili çökmədən qorxur. Husilər hökumət kadrlarını inkar edən bir neçə əks-video yayımlayaraq onların Sudan müharibəsindən götürüldüyünü iddia etdilər. Lakin araşdırmalardan sonra Yəmən qüvvələrinin təqdim etdiyi demək olar ki, bütün kadrların həqiqiliyi sübut olundu və bəziləri hətta husilər tərəfindən də etiraf edildi.
Video mənbələri tək bir qurumdan deyil, müxtəlif birləşmələrdən (Ordu, Əl-Amalika, Respublika Keşikçiləri, hərbi dairələr) daxil olur. Bu da qanuni komandanlıq iyerarxiyasında vəhdətin və əməliyyatlarda koordinasiyanın olduğunu göstərir.
Mühüm proseslərdən biri də "X" platformasının husilərin hərbi sözçüsünün hesabını bloklaması oldu; bu amil tərəflər arasında rəqəmsal yayım balansına təsir göstərir. Hesabın dayandırılmasına səbəb kimi qətlə yetirilənlərin görüntülərindəki həddindən artıq qəddarlıq və qadağan olunmuş kadrların yayılması göstərilib.
Beynəlxalq şərhlər: Yəmənin "Ukraynalaşması"
"Hökumət tərəfi hazırda mühüm potensial taktiki üstünlük qazanır. Məsafədən idarə olunan və təkrar istifadə edilə bilən dronlar, husilərin strateji zərbə məsafəsinə çatmasa belə, yarı-statik cəbhə xətlərindəki gündəlik döyüşlər üçün xüsusilə faydalı ola bilər". - deyə, Bonndakı Beynəlxalq Konversiya Mərkəzinin doktorantı Marius Bales qeyd edir.
O, on illik əməliyyat təcrübəsi və iranlıların onlar üçün qurduğu geniş sistemlər sayəsində husiləri hələ də ümumilikdə təhlükəli hesab edir. Eyni zamanda Mərib cəbhəsində fiber-optik kabellə idarə olunan FPV dronunun qeydə alınması Ukrayna dərslərinin Yəmənə ötürülməsini göstərir. O, bunu "taktiki dron müharibəsinin Ukraynalaşması" adlandırır və ucuz dronların müvəqqəti istifadə üçün xüsusi imkandan çıxaraq kiçik bölmələr üçün tüfəng kimi adi silaha çevrildiyini bildirir.
"Bu dronlar beynəlxalq və qeyri-dövlət döyüşçülərinin digər münaqişə zonalarında etdiyi kimi, qurudakı husi mövqelərini hədəf almaq üçün əldəqayırma döyüş başlıqları daşıyacaq şəkildə uyğunlaşdırılmış ola bilər".- deyə, Sinqapurun Rəcərətnam Beynəlxalq Araşdırmalar Məktəbinin elmi işçisi Robin Das bildirib.
Səna Strateji Araşdırmalar Mərkəzinin tədqiqat direktoru Yəzid əl-Cədəvi media ölçüsü haqqında: "İllər boyu husilər hərbi hegemonluq nümayiş etdirmək və rəqiblərinin döyüş ruhunu sarsıtmaq üçün öz hücum kadrlarından istifadə etməkdə aşkar üstünlüyə malik idilər. Hökumət qüvvələri indi bu məkanda onlarla rəqabətə başlayıb".-deyir.
O əlavə edir ki, kadrların müxtəlif hərbi birləşmələr vasitəsilə yayılması dronların artıq bir neçə bölmə ilə məhdudlaşmadığını, daha geniş miqyasda paylanmış əməliyyat alətinə çevrildiyini göstərir; bu dron kampaniyası cəbhə xətlərini husilər üçün daha baha başa gələn məkana çevirə, onların hərəkətini məhdudlaşdıra və mövqelərini tədricən zəiflədə bilər. Lakin bunun üçün hazırkı intensivlik və koordinasiyanın davam etməsi şərtdir.