BAKI,VOA,Yusif Şərifzadə
Fransanın ən böyük bankı olan BNP Paribas Səudiyyə Ərəbistanında regional baş qərargah yaratmaq üçün rəsmi icazə alıb. Bununla da bank krallıqda fəaliyyətini genişləndirən beynəlxalq maliyyə qurumları sırasına qoşulub.
VOA xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə, icazənin verilməsi Ər-Riyadın Körfəz bölgəsinin aparıcı maliyyə mərkəzlərindən birinə çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Səudiyyə Ərəbistanı son illərdə çoxmillətli şirkətlərin regional baş qərargahlarını Ər-Riyada köçürməsini təşviq edir. Krallıq bununla Ər-Riyadın Dubay və Əbu-Dabi ilə yanaşı bölgənin əsas maliyyə və işgüzar mərkəzlərindən birinə çevrilməsini hədəfləyir.
Səudiyyə hökuməti daha əvvəl Ər-Riyadda regional baş qərargahı olmayan xarici şirkətlərin dövlət müqavilələrinə çıxış imkanlarının məhdudlaşa biləcəyini bildirmişdi.
BNP Paribas-a regional baş qərargah icazəsinin verilməsi Səudiyyə Ərəbistanının investisiyalar naziri Fəhd bin Əbdülcəlil əs-Seyf ilə bankın İdarə Heyətinin sədri Jan Lemyer arasında Parisdə keçirilən görüş zamanı açıqlanıb.
Görüşdə bankın Səudiyyə Ərəbistanındakı fəaliyyətinin genişləndirilməsi və krallığın maliyyə sahəsində təqdim etdiyi imkanlar diqqət mərkəzində olub.
BNP Paribas hazırda Yaxın Şərqin bir sıra ölkələrində fəaliyyət göstərir. Bankın Səudiyyə Ərəbistanı ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyndə nümayəndəlikləri mövcuddur.
Yeni icazə bankın Səudiyyə Ərəbistanındakı mövqeyini gücləndirməsinə və Ər-Riyaddan regional fəaliyyətini daha geniş şəkildə idarə etməsinə imkan yaradacaq.