Yəmən

Səudiyyə Ərəbistanının Yəməndə mina və partlayıcı qurğuların təmizlənməsi üzrə “Masam” layihəsi çərçivəsində ötən həftə ölkənin müxtəlif bölgələrində 1 836 partlayıcı vasitə zərərsizləşdirilib. Məlumata görə, təmizlənən qurğuların 1 792-si partlamamış sursat, 25-i tank əleyhinə mina, 13-ü piyada əleyhinə mina, 6-sı isə kustar üsulla hazırlanmış partlayıcı qurğu olub.

Yəmənin ötən 20-ci əsrin ikinci yarısı boyunca və 21-ci əsrin ilk dörddəbirinə qədər gördüyü bütün müharibələr tarixində heç vaxt on minlərlə mülki şəxsin, o cümlədən çox sayda uşağın və hətta gənc qadının hazırda davam edən qanlı müharibənin alovuna atıldığı görünməmişdir. Bu müharibə milli həmrəylik və razılaşmadan kənara çıxan, Yəmənin paytaxtı Sənada hakimiyyəti silah gücü və xarici siyasi maliyyə dəstəyi ilə ələ keçirən Tehran yönümlü və onun tərəfindən dəstəklənən husi qruplaşması tərəfindən alovlandırılmışdır.

Yəmən sahillərində altı silahlı şəxsin bir gəmini ələ keçirdiyi bildirilir. Hadisə Ədən körfəzində, Yəmənin Əl-Mükəlla şəhərinin şərqində baş verib. Silahlı şəxslər gəmiyə daxil olaraq onun idarəsini nəzarətə götürüblər. Daha sonra gəminin Somaliyə doğru istiqamətləndirildiyi açıqlanıb. Bundan əvvəl qərbə doğru hərəkət edən neftdaşıyan gəmiyə icazəsiz başqa bir gəminin yaxınlaşdığı bildirilmişdi. Silahlı şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur. Gəminin heyətinin vəziyyəti ilə bağlı da təfərrüat açıqlanmayıb. Hadisə Ədən körfəzində dəniz təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.

Yəmənin informasiya naziri Müəmmər əl-İryani husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə hazırlaşdıqlarını iddia edib. Onun sözlərinə görə, husilər Yəmənin qərb sahillərində hərbi mövcudluqlarını genişləndirirlər. Nazir husilərin Qırmızı dənizdəki strateji Yəmən adalarına da nəzarəti ələ keçirməyə çalışdıqlarını bildirib. Yəmən hökuməti limanlara, gəmilərə və dəniz qüvvələrinə qarşı hücumları bu planın göstəricilərindən biri hesab edir. Husilər hazırda Bab əl-Məndəb boğazının birbaşa sahilindəki ərazilərə nəzarət etmirlər. Bununla belə, boğazdan şimalda yerləşən Hüdeydə limanı onların nəzarətindədir. Bab əl-Məndəb beynəlxalq ticarət və enerji daşımaları üçün dünyanın mühüm dəniz keçidlərindən biridir. Boğaza nəzarət uğrunda mümkün mübarizənin Qırmızı dənizdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə biləcəyi bildirilir.

Yəmən mediasının çərşənbə akşamı yaydığı məlumata görə, ölkə ordusu Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan şəhərindəki "Aramco" neft emalı zavodunu bir neçə zərbə PUA-sı ilə hədəf alıb. Hücum nəticəsində ərazidə güclü partlayışların baş verdiyi bildirilsə də, zərər və itkilər barədə dəqiq məlumat verilməyib. Səudiyyə rəsmiləri və "Aramco" hələlik rəsmi bəyanat yaymayıb.

Yəməndə husilərin hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirməsi ölkədə uzunmüddətli müharibənin yenidən alovlanacağı ilə bağlı narahatlıqları artırıb. Ölkədə on ildən artıq davam edən və on minlərlə insanın ölümünə, milyonlarla şəxsin didərgin düşməsinə səbəb olan vətəndaş müharibəsindən sonra 2022-ci ildə əldə edilən atəşkəs nisbi sakitlik yaradıb. Lakin son həftələrdə qarşıdurmaların yenidən şiddətlənməsi əhalidə müharibə qorxusunu artırıb.

BMT Yəməndə 2022-ci ildə əldə edilmiş atəşkəsdən sonra genişmiqyaslı müharibənin yenidən başlaması təhlükəsinin ən yüksək həddə çatdığı barədə xəbərdarlıq edib. BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq ölkənin müxtəlif cəbhələrində hərbi fəallığın artdığını bildirib. Husilərin Məarib, Hədramaut, Əl-Məxa və digər bölgələrdəki hücumları hərbçilər və mülki şəxslər arasında itkilərə səbəb olub. Husilərlə Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında qarşıdurmanın şiddətlənməsi yeni müharibə qorxusunu artırıb. Qrundberq Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumların da yenidən artdığına diqqət çəkib. BMT bu hücumların Yəməni daha geniş bölgə qarşıdurmasına sürükləyə biləcəyindən narahatdır. Hörmüz boğazındakı böhran isə bölgədə ticarət və enerji daşımalarına əlavə təzyiq yaradır. BMT-nin məlumatına görə, Yəmən əhalisinin yarıdan çoxu kifayət qədər ərzaq əldə edə bilmir.

Yəmən hökumətinə bağlı qüvvələr Təiz əyalətində husilərin hücum cəhdinin qarşısını alıb. Hücum əl-Məfalis cəbhəsindəki mövqelərə qarşı həyata keçirilib. Yəmən ordusunun 4-cü Piyada Briqadasının hücumu dəf etdiyi bildirilib. Hökumət qüvvələrinin məlumatına görə, husilər ciddi itkilər verib. Hadisə ölkənin müxtəlif bölgələrində hərbi gərginliyin artdığı bir vaxtda baş verib.

İran tərəfindən dəstəklənən Husi silahlılarının davranışı Yəməni xalqın maraqlarına xidmət etməyən münaqişələrə sürükləyir, regionun təhlükəsizliyini, sabitliyini və beynəlxalq gəmiçiliyi təhdid edir. Bunu Yəmənin xarici işlər naziri Əfrah Əz-Zubə bildirib. Nazir vurğulayıb ki, hücumların cəzasız qalmasına imkan verən bir şəraitdə davamlı həllə nail olmaq mümkün deyil və bədəlsiz qalan hər bir qanunsuzluq növbəti addımı həvəsləndirir.

Husilər Yəmənin Əl-Məxa limanına yeni raket hücumu həyata keçirib. Dövlət mediasının məlumatına görə, hücum ballistik raketlərlə həyata keçirilib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib və husilər açıqlama yaymayıb. Hücum Yəmən hökumət qüvvələrinin bir gün əvvəl husilərin raket və dron hücumları həyata keçirdiyini bildirməsindən sonra baş verib. Əl-Məxa limanı Babül-Məndəb boğazına yaxın yerləşdiyi üçün strateji əhəmiyyətə malikdir.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri husilərin qərb sahilə qarşı silsilə hücumlar həyata keçirdiyini açıqlayıb. Məlumata görə, hücumlar zamanı 10 raket və 4 pilotsuz uçuş aparatı istifadə olunub. Yəmən qüvvələri pilotsuz uçuş aparatlarından birini vurduqlarını bildirib. Ordu yeni hücum ehtimalına qarşı hazırlıq vəziyyətində olduğunu açıqlayıb. Ölkənin qərb sahili strateji əhəmiyyətli bölgələrdən biri hesab olunur. Yəməndə qarşıdurma tərəfləri arasında gərginlik davam edir.

UKMTO Yəmən sahillərində yük gəmisinin naməlum mərmi ilə vurulduğunu açıqlayıb. Hadisə Qırmızı dənizin cənub hissəsində, Əl-Məxa limanı yaxınlığında baş verib. Qurum zərbə nəticəsində itkilərin olduğunu bildirib. Hadisə ilə bağlı araşdırma davam edir. UKMTO gəmilərə bölgədə ehtiyatlı hərəkət etməyi tövsiyə edib. Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi son dövrlərdə artan hücumlar səbəbindən diqqət mərkəzindədir. Əl-Məxa bölgəsi Yəməndə strateji əhəmiyyət daşıyan ərazilərdən biridir.