ABŞ Prezidenti Donald Tramp ötən ayın sonunda özünün yaratdığı Sülh Şurası tərəfindən hazırlanmış HƏMAS-ın tərksilah edilməsinə dair yeni planı ictimaiyyətə açıqlayıb. O, bu təşəbbüsü "dağıntı burulğanına son qoymaq", eləcə də fələstinlilərin müqəddəratını təyinetmə və müstəqil dövlət quruculuğu yolunda etibarlı bir prosesə başlamaq cəhdi kimi təqdim edib.
Bu bəyanat Qəzzada atəşkəsin ilk dəfə qüvvəyə mindiyi 2025-ci ilin oktyabrından bəri aylar boyu davam edən diplomatik təmasların ardınca verilib. Bu da Sülh Şurasının danışıqlar qrupunun müharibədən taqətdən düşmüş bölgədə davamlı sülhə yol açacaq çoxdan gözlənilən həlledici irəliləyişə nail olduğu barədə ümidləri artırmışdı.
Lakin Tramp HƏMAS-ın və Qəzzadakı digər silahlı qruplaşmaların tam şəkildə tərksilah olunmasını nəzərdə tutan razılaşmadan "olduqca məmnun" olduğunu və bunun "Yaxın Şərq üçün böyük addım" təşkil etdiyini bildirsə də, razılaşmanın real şəraitdə tətbiqini sual altına qoyan ciddi əngəllər ortaya çıxıb.
HƏMAS tam tərksilahla nəticələnəcək bir prosesə qoşulmağa hazır olduğunu bildirsə də, bunun qarşılığında İsrailin öz hərbi qüvvələrini Qəzzadan çıxarmasını və bölgəyə hücumları tam dayandırmasını tələb edir. İsrailin Baş naziri Benyamin Netanyahu isə bu tələbi dərhal rədd edib.
Danışıqlar boyu vasitəçilərin qarşısında duran əsas düyün nöqtəsi HƏMAS-ı silahlarını təhvil verməyə razı salmaqla yanaşı, İsraili Qəzzadakı hərbi mövcudluğuna son qoymağa sövq etmək olub. Bu addım Trampın münaqişəni dayandırmaq məqsədi daşıyan 20 bəndlik sülh planının növbəti mərhələsinə keçid üçün zəmin hazırlamalı idi.
Ötən ilin sentyabrında təqdim olunan həmin plan razılaşmanın icrasına nəzarət edəcək Sülh Şurasının yaradılmasını, HƏMAS-ın tərksilahını, İsrail ordusunun geri çəkilməsini və Qəzzanın yenidən qurulmasını nəzərdə tuturdu. Sənəd həmçinin fələstinli texnokratlardan ibarət yeni hökumətin formalaşdırılmasını, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini və İsrail qoşunları çıxdıqdan sonra dağılmış bölgənin bərpasını əhatə edirdi.
Tərksilah razılaşması elan olunduqdan qısa müddət sonra Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında Tramp HƏMAS ilə əldə olunan təkliflə bağlı İsraillə "ortaq anlaşmanın" mövcud olduğunu deyərək "İsrail bundan çox məmnundur" ifadəsini işlədib.
Lakin HƏMAS-ın İsrail qoşunları çıxarılmazdan əvvəl tərksilah olunacağı, yoxsa qoşunların çıxarılmasının tərksilahdan öncə baş verəcəyi barədə suala Tramp birbaşa cavab verməkdən yayınıb və sadəcə olaraq Qəzzadakı vəziyyətin "hələ də olduqca mürəkkəb" olduğunu söyləməklə kifayətlənib.
Trampın tərəddüdü onu göstərir ki, Sülh Şurasının bu istiqamətdəki səylərinə baxmayaraq, siyasi anlaşmaları real addımlara çevirmək üçün qarşıda hələ uzun yol var. Çünki həm HƏMAS, həm də İsrail tamamilə fərqli maraqlardan çıxış edərək prosesə öz şərtlərini diktə etməyə çalışırlar.
HƏMAS silahların Sülh Şurasına təhvil veriləcəyini bəyan etsə də, icra mexanizmləri çoxsaylı şərtlər və uzunmüddətli qrafiklərlə bağlıdır ki, bu da yeni razılaşmalar tələb edir.
İşğal altındakı İordan çayının qərb sahilində yəhudi məskunlaşanların hərəkətləri ilə bağlı artan beynəlxalq narahatlıq fonunda HƏMAS lideri Xəlil Əl-Həyyənin prosesi uzatma siyasəti diplomatik təzyiqləri artırmaq və İsraili bu zorakılıqlara qarşı addım atmağa məcbur etmək üçün hesablanmış gediş kimi dəyərləndirilir.
"Associated Press" agentliyinin məlumatına görə, razılaşma HƏMAS-ın nəzarətindəki polisin tabeliyində olan bütün silahların ABŞ tərəfindən dəstəklənən fələstinli texnokratlar komitəsinə — "Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitə"yə təhvil verilməsini nəzərdə tutur. Lakin bu addımın vaxtı hələ dəqiqləşməyib və digər ilkin prosedurların tamamlanmasından asılıdır.
Komitə bölgəyə daxil olduqdan və beynəlxalq qüvvələr yerləşdirildikdən sonra ağır silahların sıradan çıxarılması, anbarlara yığılması, hərbi istehsal məntəqələrinin və tunellərin sökülməsi prosesi başlamalıdır. Razılaşma bu tədbirlərin icrasını İsrailin mərhələli şəkildə geri çəkilməsi ilə əlaqələndirir.
HƏMAS-ın tərksilahı Trampın 20 bəndlik planının digər müddəalarının — Milli Komitənin Qəzzaya daxil olması, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi və təcili ehtiyac duyulan yenidənqurma işlərinin başlanması üçün əsas şərtdir.
Digər tərəfdən, İsrail ordusunun bölgədən çıxması başlıca tələb olaraq qalır. Lakin atəşkəs başlayandan bəri hərbi mövcudluğunu azaltmaq əvəzinə, İsrail Qəzza ərazisindəki nəzarət zonasını ötən ilin oktyabrındakı 53 faizdən hazırda təxminən 70 faizə qədər genişləndirib.
HƏMAS-ın İsrail qoşunları çıxarılmadan tərksilaha başlamayacağı ilə bağlı tələbi əsas maneədir. Xüsusilə nəzərə almaq lazımdır ki, gələn oktyabrda keçiriləcək çətin seçkilərdə mübarizə aparan Netanyahu HƏMAS tam tərksilah olunmadan istənilən hərbi geri çəkilməni qətiyyətlə istisna edir.
Ötən həftəsonu hökumətin iclasından sonra Netanyahu "İsrail 15 bəndlik sənədi rədd edir" bəyanatını verərək vurğulayıb ki, ordu HƏMAS faktiki olaraq tərksilah olunana qədər heç bir geri çəkilmə həyata keçirməyəcək və təhlükələri zərərsizləşdirməyə davam edəcək.
İsrail rəsmiləri Ağ Evə təklif olunan tərksilah razılaşması ilə bağlı ciddi təhlükəsizlik narahatlıqlarını çatdırdıqlarını bildiriblər. Paralel olaraq ordunun Qəzzada zərbələr endirməsi hökumətin hərbi müdaxiləni dayandırmaq istəmədiyini göstərir. İsrail kəşfiyyatının qiymətləndirməsinə görə, HƏMAS tərksilah olmaq əvəzinə öz hərbi potensialını yenidən bərpa etmək niyyətindədir. İsrail tərəfi bu arqumentlə tam tərksilah baş tutmadan ərazini tərk etməkdən imtina edir.
Yüksəkrütbəli İsrail rəsmisi bildirib: "Hesab edirik ki, əgər qüvvələrimizi HƏMAS faktiki olaraq tərksilah edilməzdən əvvəl yenidən yerləşdirsək, onlar tez bir zamanda bütün Qəzza boyu mövcudluğunu genişləndirəcək, terror infrastrukturunu bərpa edəcək, qəsəbələrimizi yenidən təhdid edəcək və 7 oktyabr 2023-cü il hücumuna bənzər yeni bir hücum həyata keçirməyə çalışacaqlar".
İndi əsas sual Trampın mövcud dalana dirənmiş vəziyyəti aradan qaldırmaq, HƏMAS-ın faktiki tərksilahına nail olmaq və eyni zamanda İsraili öz qüvvələrini Qəzzadan çıxarmağa razı salmaq üçün hər iki tərəfə yetərincə təzyiq göstərib-göstərməyəcəyidir.