BAKI,VOA
Əli ib Abu Talibin Hicrətdən təxminən iyirmi iki il əvvəl (miladi 600) Məkkədə doğulduğu rəvayət edilməkdədir. Atası Həzrəti Peyğəmbərin əmisi Əbu Talib, anası isə Fatimə bint Əsəd b. Haşimdir. Əbu Talibin ən kiçik oğludur. Məkkədə baş qaldıran qıtlıq zamanı Həzrəti Peyğəmbər əmisi Əbu Talibin yükünü yüngülləşdirmək üçün onu öz himayəsinə götürmüş, Həzrəti Əli beş yaşından etibarən hicrətə qədər onun yanında böyümüşdür. Həzrəti Məhəmmədin peyğəmbərliyinə ilk iman gətirənlərdəndir. Ancaq Həzrəti Xədicə ilə eyni vaxtda, yoxsa ondan dərhal sonra, yaxud da Həzrəti Xədicə və Həzrəti Əbubəkrdən sonra iman gətirməsi məsələsi Əhli-sünnə ilə şiələr arasında mübahisəli bir mövzudur.
Bu əsnada yaşının doqquz, on və ya on bir olduğu rəvayət edilir. Bu vəziyyətdə onun Həzrəti Xədicədən sonra, yaşına görə, uşaqlar arasında ilk inanan və Həzrəti Peyğəmbərlə birlikdə ilk namaz qılan şəxs olduğu fikri ağırlıq qazanmaqdadır. Həzrəti Əlinin hicrətdən əvvəlki həyatı haqqında mənbələrdə çox məlumat yoxdur. Ancaq həyatı, rəvayət və əfsanələrlə hörülmüş şiə mənbələrində doğulduğu gündən etibarən ən xırda təfərrüatına qədər və zəngin kəramətlərlə dolu olaraq nəql edilir.
Məkkə müşriklərinin əzab-əziyyətlərini getdikcə artırmaları və hətta özünü onu hazırlıqlarına başlamaları üzərinə Mədinəyə hicrət etməyə qərar verən Həzrəti Peyğəmbər, Həzrəti Əlini, onu öldürməyə gələcək müşrikləri ləngitmək və yoxluğunu gizlətmək məqsədilə Məkkədə saxlamışdır. O da gecəni Peyğəmbərin yatağında keçirərək onun evdə olduğu təəssüratını yaratmışdır. Daha sonra isə Həzrəti Peyğəmbərin özünə tapşırdığı əmanətləri sahiblərinə qaytarıb yenə onun əmrinə uyğun olaraq Rəsulullahın qızı Fatimə, öz anası Fatimə və yanındakılarla Məkkədən ayrılaraq Qubada Həzrəti Peyğəmbərə çatmışdır. Hicrətin beşinci ayında mühacirlər ilə ənsar arasında yaxınlıq və həmrəylik təmin etmək məqsədilə qurulan qardaşlaşma (muahat) zamanı Həzrəti Peyğəmbər Əlini özünə qardaş olaraq seçmiş, hicrətin 2-ci ilinin son ayında da onu qızı Fatimə ilə evləndirmişdir. Bu evlilikdən Həsən, Hüseyn və ölü doğulan Möhsin adlı oğlan uşaqları ilə Zeyneb və Ümmü Gülsüm adlı qız uşaqları olmuşdur. Həzrəti Əli Həzrəti Fatimənin sağlığında başqa evlilik etməmişdir. Fatimənin vəfatından sonra isə bir çox dəfə evlənmiş və çox sayda övladı dünyaya gəlmişdir.
Həzrəti Əli Bədr, Uhud, Xəndək və Xeybər başda olmaqla demək olar ki, bütün qəzvə və səriyyələrdə (yürüşlərdə) iştirak etmiş, bu döyüşlərdə Rəsul-i Əkrəmin sancaqdarı olmuş və daha sonraları rəvayətlərdə nəql edilən böyük qəhrəmanlıqlar göstərmişdir. Uhudda və Hüneyndə müxtəlif yerlərindən yara almasına baxmayaraq Həzrəti Peyğəmbəri bütün gücü ilə qorumuş, Xeybərdə ağır bir dəmir qapını qalxan olaraq istifadə etmiş və bu yürüşün zəfərlə nəticələnərək yəhudilərə qalib gəlinməsində böyük payı olmuşdur. Fədəkdə Bəni Səda qarşı göndərilən hərbi birliyi və Yəmənə edilən səfəri idarə etmişdir. Bu sonuncu səfər üzərinə Bəni Həmdan qəbiləsi müsəlmanlığı qəbul etmişdir. Təbük yürüşündə isə Həzrəti Peyğəmbərin vəkili olaraq Mədinədə qalmışdır.
Həzrəti Əli, Həzrəti Peyğəmbərə katiblik və vəhy katibliyi etmiş, Hudeybiyyə müqaviləsini də o yazmışdır. Övs, Xəzrəc və Tay qəbilələrinin pərəstiş etdikləri bütlərlə Məkkənin fəthindən sonra Kəbədəki bütləri məhv etmək vəzifəsi ona verilmişdir. Hicrətin 9-cu (631) ilində həcc əmiri olaraq təyin edilən Həzrəti Əbubəkrə Minada çatıp o sırada nazil olmuş Tövbə surəsinic ilk yeddi ayəsini oxumaq, ayrıca müşriklərlə müsəlmanların bu ildən sonra həccdə bir yerdə ola bilməyəcəyini və heç kimin Kəbəni çılpaq təvaf edə bilməyəcəyini bildirmək üzrə Peyğəmbər tərəfindən vəzifələndirilmişdir. Həzrəti Peyğəmbər vəfat etdiyində cənazənin yuyulması və bənzəri xidmətləri, vəsiyyəti üzərinə Həzrəti Əli ilə Rəsulullahın yaxın qohumlarından Abbas, oğulları Fəzl və Qusəm ilə Üsamə b. Zeyd etmişdilər. Bu əsnada Bəni Saidə çardağında toplanan ənsar və mühacirlər Həzrəti Əbubəkri xəlifəliyə seçincə, Əli ona, Həzrəti Fatimənin altı ay sonra baş verən vəfatına qədər beyət etməmişdir. Həzrəti Əlinin xilafət məqamında gözü olub-olmaması mövzusu, yaxud Əbubəkrın xəlifə seçilməsini bir "oldu-bitdi" şəklində qiymətləndirməsi Əhli-sünnə ilə şiələr arasında olduqca mübahisəlidir. Ancaq vəziyyət nə olursa olsun o, Həzrəti Əbubəkrın xəlifə seçilməsindən sonra xilafət mövzusunda heç bir şəkildə hüquq iddiasında bulunmadığı kimi, Əbubəkrə beyət edən əshab-ı kiram da xəlifə seçimində şiələrin iddia etdiyi "nəsllə (dini mətnlə) təyinat" və ya vərəsəlik faktorunu göz önündə ttumayıb. Onlar Əbubəkri, inkişaf etməkdə olan İslam dövlətinin müdafiəsini və yayılmasını reallaşdıra biləcək, birliyi və nizamı qoruya biləcək qabiliyyətdə olması, Qureyşə mənsubiyyəti, yaşı və təcrübəsi səbəbindən ətrafında hörmət oyandırması, İslamı qəbul etməkdəki öncüllüyü və Rəsulullahın ən yaxın dostu olması kimi vasıflarına dayanaraq xəlifə seçmişdilər.
Həzrəti Əli ilk üç xəlifə dövründə nə bir inzibati vəzifədə olub, nə də edilən müharibələrə qatılmışdır. Sadəcə xəlifə Ömərin Fələstin və Suriya səfəri zamanı Mədinədə hərbi vali olaraq qalmış, Mədinədə yaşayıb dini elmlərlə məşğul olmağı digər vəzifələrdən üstün tutmuşdur. Quran və hədis mövzusundakı dərin elmindən dolayı həm Həzrəti Əbubəkrın, həm də Ömərin xüsusilə fıkhi məsələlərdə fikrinə müraciət etdikləri bir səhabə olmuşdur.
Həzrəti Ömər zamanında, Həzrəti Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyi günün İslam tarixi üçün başlanğıc qəbul edilməsinə dair təklif də onun tərəfindən edilmiş və qəbul olunmuşdur. İkinci xəlifə Ömərin 23-cü (644) ildə azad edilmiş bir qul tərəfindən xəncərlənməsi üzərinə, vəfat etmədən əvvəl xəlifə seçimi işini tapşırdığı şuranın bir üzvü də Əli idi. O, bu şura tərəfindən xəlifəliyə gətirilən Həzrəti Osman zamanında baş verən bəzi qarışıqlıqlarla ona qarşı başladılan hərəkatları dəstəkləməməklə bərabər, başda Təlhə b. Ubeydullah və Zübeyr b. Avvam olmaqla bir qisim səhabə ilə birlikdə zaman-zaman müxtəlif tənqidlərdə etmişdir. Xəlifəni bəzi fəaliyyətləri, xüsusilə şəri cəzaların tətbiq edilməməsi səbəbindən Quran və Sünnədən uzaqlaşmaqla günahlandırmışdır. Həzrəti Əlinin tənqid etdiyi mövzular arasında Hürmüzana fərqli bir qisas tətbiq etməsi, içki içən və sərxəş olaraq namaz qıldıran Kufə valisi Vəlid b. Üqbəni ancaq təkid qarşısında cəzalandırması, həcc əsnasında Minada sələflərinin əksinə namazı iki yerinə dörd rükət qıldırması, Şam valisi Müaviyə b. Əbu Süfyanın fəaliyyətini açıq şəkildə tənqid etdiyi üçün Əbu Zərr əl-Qifarini Rəbəzəyə sürgün etməsi kimi xüsusiyyətlər sayıla bilər.
Həzrəti Osman şəhid edildikdə Ümeyyə soyuna mənsub olanlar Mədinədən sürətlə uzaqlaşmış və beləcə şəhər bütövlüklə üsyançıların hakimiyyətinə girmişdir. Daha sonra Abdullah b. Ömər, Səd b. Əbu Vəqqas, Muqirə b. Şubə, Məhəmməd b. Məsləmə və Üsamə b. Zeydin də aralarında bulunduğu səhabələr məsciddə toplanaraq yeni xəlifə seçiminə getmişdilər. Əli b. Əbu Talib özünə edilən xilafət təklifini orada olan Təlhə və Zübeyrə yönəltmiş, lakin təkid üzərinə beyəti qəbul etmişdir. Bu beyətin tarixi haqqında mənbələrdə fərqli rəvayətlər mövcuddur. Bir qisminə görə (Təbəri, I, 3066) beyət Həzrəti Osmanın şəhid edildiyi gün (18 Zilhiccə / 17 İyun), bir qisminə görə isə (İbnül-Əsir, əl-Kamil, III, 192) beş gün sonra reallaşmışdır.
Beyətdən sonra Həzrəti Əlini gözləyən ən mühüm məsələ Həzrəti Osmanın qatillərinin cəzalandırılması idi. Ancaq ortada müəyyən bir qatil yox idi. Sayları minlərlə ölçülən bir izdiham (Dinəvəri, s. 163), “Osmanı hamımız öldürdük” deyirdi. Xəlifənin şəhərə tamamilə hakim vəziyyətdə olan üsyançılarla dərhal bacara bilməyəcəyi aydın idi. Bu vəziyyətdə ortalığın sakitləşməsini gözləmək ən doğru yol idi. Yeni xəlifəni bu qərara yönəldən mümkün amillərdən biri də özünə faktiki olaraq yalnız Mədinədə beyət edilmiş olması, digər vilayətlərdə vəziyyətin hələ aydın olmamğı idi.
Şam valisi və Həzrəti Osmanın qohumu Müaviyə, özünü beyətə dəvət etmək üçün gələn elçiyə, Əlinin üsyançıların cinayət şəriki olduğunu iddia edərək rədd cavabı vermiş və Osmanın qanını tələb edəcəyini göstərmişdi. Bunun üzərinə Həzrəti Əli, əvvəllər Həzrəti Osmana qarşı müxalifəti dəstəkləyərkən indi özünü xəlifə olaraq tanımaq istəməyən Həzrəti Aişəni, ayrıca dörd ay sonra Aişənin sıralarına qatılan Təlhə və Zübeyri itaətə dəvət etmək üçün təcili qüvvə toplamaq və Bəsrə üzərinə yerimək məcburiyyətində qaldı. Həzrəti Osmanın qatillərini səmimi olaraq cəzalandırmağı istəyən, ancaq uyğun şərtlərin yaranmasını gözlədiyi anlaşılan xəlifəyə qarşı Müaviyənin göstərdiyi bu mənfi mövqeyin, ayrıca Məkkədə olan Əməvi ailəsi mənsublarının yanında yer alan bəzi səhabələrin bu davranışlarının real səbəblərini izah edə bilmək mövcud məlumatlarla mümkün deyil.
Həzrəti Aişənin rəhbərliyindəki ordu ilə xilafət ordusu Bəsrə yaxınlığında Hüreybə mövqeyində qarşılaşdı (15 Cəmadiyəlahır 36 / 9 Dekabr 656). Tarixdə Cəməl hadisəsi adı ilə məşhur olan müharibə sonunda Həzrəti Əli qalib gəldi, Təlhə və Zübeyr də daxil olmaqla bir çox müsəlman öldü. Bu müharibədə ölənlərə çox üzülən və cənazə xidmətlərini şəxsən icra edən xəlifə, Aişəni qadınlardan ibarət bir heyətin müşayiəti ilə Mədinəyə göndərdi. Beytülmaldakı pulları və döyüş meydanında ələ keçən mal və silahları ordusuna payladıqdan və özünə qarşı hərəkətə keçənlərlə haqq-hesab çəkdikdən sonra Müaviyəni təkrar beyətə dəvət etdi, lakin nəticə ala bilmədi. Bu səbəbdən də müsəlmanlar bu dəfə Siffində qarşı-qarşıya gəldilər (Zilhiccə 36 / İyun 657). Süvari və piyada qüvvələrinin üç ay davam edən və tərəfləri olduqca yoran mübarizələri, “leylətül-hərir” adı ilə məşhur olan 9-10 Səfər 37 (27-28 İyul 657) gecəsi cümə sabahına qədər bütün şiddəti ilə davam etdi.
Xəlifə, məşhur komandiri Malik əl-Əştər vasitəsilə Müaviyə ordusuna son və öldürücü zərbəni vurmaq üzrə ikən ümidini itirən Müaviyə döyüş meydanından qaçmağa qərar verdi (Mübərrəd, s. 1232; Təbəri, I, 3330), lakin Misir fatihi Əmr b. As köməyinə çataraq iki tərəf arasındakı ixtilafın həll edilməsi üçün Allahın kitabının hakimliyinə müraciət edilməsi tövsiyəsində bulundu.
Bunun üzərinə Müaviyə böyük Şam müshəfini beş nizənin ucuna bağladaraq daşıtdı, əsgərləri də yanlarında olan müshəfləri nizələrinin ucuna bağlayaraq, “Ey İraqlılar! Müharibəni dayandıraq; Allahın kitabı aramızda hakim olsun!” deyə qışqırdılar.
Xəlifə bunun bir hiylə olması barəsindəki xəbərdarlıqlarına baxmayaraq ordusuna söz dinlədə bilmədi və qurranın bir çoxunun təkidi ilə hakim qərarına müraciət edilməsi təklifini qəbul etməyə məcbur qaldı. Həzrəti Əli istəməyərək Əbu Musa əl-Əşarini hakim təyin etdi, Müaviyə də Əmr b. Ası hakim seçdi. Tərəflər Siffində, hakimlərin Allahın kitabı, gərəkdiyində də Rəsulullahın sünnəsi ilə hökm etmələri şərti ilə razılaşdılar (13 və ya 17 Səfər 37 / 31 İyul və ya 4 Avqust 657). Ancaq 70.000 müsəlmanın öldüyü Siffin döyüşünün sonunda hakimlərin müəyyənləşdirilməsinə baxmayaraq, xəlifənin ordusundakı Təmimlilərdən bəziləri, “Hökm ancaq Allahındır” şüarı ilə hakim qərarına qarşı çıxdılar.
Həzrəti Əlinin hakim təyin etmək surəti ilə etdiyi “səhvdən” tövbə etməsini və Qurani-Kəminin buyruğuna uyaraq (əl-Hucurat 49/9) üsyançılarla Allahın əmrinə itaət edənə qədər müharibə etməsini istədilər. Həzrəti Əli də Allahın bu əmrini işin başında özlərinə xatırlatmasına baxmayaraq özünü dinləmədiklərini, indi isə qarşı tərəflə bir razılaşmaya gedildiyini, dolayısı ilə Qurani-Kəminin hökmünə görə (ən-Nahl 16/91) bu razılaşmanı poza bilməyəcəyini bildirdi. Bunun üzərinə, çoxluğu Təmim qəbiləsinə mənsub təxminən 12.000 civarındakı əsgər xəlifə ilə birlikdə Kufəyə qayıtmayaraq Kufə yaxınlığındakı Haruraya çəkildilər. Xəlifə Haruraya gedib onlarla danışdı, 6000 nəfərlik bir qrup özü ilə bərabər Kufəyə döndü. Geridə qalan və daha sonra xaricilər deyə anılacaq olan 4000 nəfərlik bir qüvvə isə Nəhrəvana getdi.
Bu arada hakimlər ilk toplantılarını Ramazanda (Fevral 658) Suriya-İraq yolu üzərindəki Dumətülcəndəldə etdilər və Həzrəti Osmanın fəaliyyətinin, qətlini tələb edəcək bir qeyri-məşru xüsusiyyət daşımadığı, dolayısı ilə haqsız yerə öldürüldüyünə dair ilk qərarlarını aldılar.
Həzrəti Əli isə qüvvələrini toplayıb yenidən Müaviyə ilə müharibə etməyə hazırlaşırdı. Bu arada Nəhrəvanda olan xariciləri razı salmaq üçün özlərinə məktub yazdısa da nəticə ala bilmədi. Xaricilərin səhabələrdən Abdullah b. Həbbab və hamilə arvadını sırf öz fikirlərini paylaşmadığı üçün vəhşicəsinə qətlə yetirmələri üzərinə, xarici məsələsini həll etdikdən sonra Şama yeriməyə qərar verdi. Nəhrəvandakı xaricilər Həzrəti Əlinin özlərinə etdiyi təklifləri rədd edərək müharibəni başlatdılar. 9 Səfər 38 (17 İyul 658) tarixində baş verən şiddətli çarpışmada xaricilərin demək olar ki, hamısı həyatlarını itirdilər. Həzrəti Əli bu müharibədən sonra Şamlılara qarşı hərəkətə keçmək üzrə Nuhaylədə düşərgə saldı. Kufədə qalan və əhli-Nuhaylə deyilən təxminən 2000 nəfərlik bir xarici qrupu ilə danışaraq onlardan ya özünə qoşulub Şamlılar üzərinə yerimələrini və ya geri dönmələrini istədisə də, xaricilər özünü küfrlə günahlandıraraq bu istəyini geri çevirdilər. Edilən müharibədə bir çoxu öldürüldü; geridə qalanları da Məkkəyə qaçdı. Bütün bu hadisələr üzərinə bezginlik və qorxu dərəcəsinə düşən əsgərləri artıq vuruşmaq istəmədiklərini söyləyincə, xəlifə Kufəyə qayıtmaq və Müaviyəyə qarşı fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı.
Əslində hakimlər Dumətülcəndəldəki ilk toplantılarından sonra Şaban (Yanvar 659) Əzruhda bir araya gəldiklərində, Əli b. Əbu Talib ilə Müaviyə b. Əbu Sufyanın hər ikisinin də vəzifədən azad edilərək xəlifənin bir şura tərəfindən seçilməsi qərarına varmışdılar. Bu qərar əvvəlcə Həzrəti Əlinin hakimi Əbu Musa tərəfindən açıqlandı; söz növbəsi Müaviyənin hakimi Əmr b. Asa gəlincə, o, xilafət məqamına Müaviyəni təyin etdiyini bildirdi. Əbu Musanın bu qərara qarşı çıxmasına baxmayaraq vəziyyət dəyişməmiş və nəticədə hakim hadisəsi xilafət məsələsini bir çıxmaza aparmış, İslam dünyasını da bir sıra siyasi və sosial narahatlıqlara sürükləmişdi. Xalqın bir hissəsinin Həzrəti Əlini, bir hissəsinin də Müaviyəni xəlifə olaraq tanıması səbəbindən ikili bir iqtidar ortaya çıxmışdı. Həzrəti Əli hakim hadisəsindən sonra Kufəyə çəkilib Müaviyəyə qarşı yeni bir səfər üçün hazırlıqlara başlamış, lakin müharibə etməkdən bezmiş qətiyyətsiz İraq əsgərlərindən yetərli dəstək görə bilməmişdi. Nəhayət böyük səy göstərərək 40.000 nəfərlik bir ordu təşkil edə bilmiş və səfərə hazırlaşmışdı. Ancaq Kufədə, intiqam arzusu ilə yanan xarici Əbdürrəhman b. Mülcəm tərəfindən zəhərli bir xəncərlə sabah namazında yaralanmış, aldığı yaranın təsiri ilə iki gün sonra 19 və ya 21 Ramazan ayında (26 və ya 28 Yanvar 661) vəfat etmiş və Kufəyə (bugünkü Nəcəf) dəfn edilmişdi. Bu sırada Müaviyə Suriyalıların tam dəstəyini təmin edərək, başda Misir olmaqla Həzrəti Əlinin hakimiyyətindəki bir çox yeri ələ keçirmiş və Əməvi Dövlətinin təməllərini atmışdı.
Əli b. Əbu Talib ortaboylu, tünd əsmər bədənli, iri qara gözlü olub saqqalı sıx və geniş idi; üzü gözəl idi, gülümsəyərkən dişləri görünərdi. Özünə Həzrəti Peyğəmbər tərəfindən verilən “Əbu Turab” ləqəbindən başqa “əl-Murtaza” və “Əsədullahil-qalib” kimi ləqəbləri də vardır. Uşaqlığında bütə sitayiş etmədiyi üçün daha sonraları “kərrəmallahu vəchəh” dua cümləsi ilə anılmışdır. Onun, İslamın yayılış tarixində və müsəlmanlar arasındakı elm, təqva, ixlas, səmimiyyət, fədakarlıq, şəfqət, qəhrəmanlıq və şücaət kimi yüksək əxlaqi və insani vasıflar baxımından müstəsna bir mövqeyə sahib olduğunu, Quran və Sünnəni ən yaxşı bilənlərdən biri olduğunu demək olar ki, bütün Sünni və Şiə mənbələri ittifaqla qeyd edirlər. O eyni zamanda təsəvvüf dünyası üçün də əvəzedilməz bir isim olması səbəbindən İslam təsəvvüf ədəbiyyatında, xüsusilə Türk mədəniyyətində ayrı bir məna və önəmlə ələ alınmışdır. Hər şeyə rəğmən Həzrəti Əlinin tarixi şəxsiyyətini, məziyyətlərini və xüsusiyyətlərini tam mənası ilə doğru bir şəkildə müəyyənləşdirə bilmək çox çətindir; çünki istər fəaliyyətləri, istərsə də özünə aid edilən danışıqları və şeirləri haqqında son dərəcə fərqli rəvayətlər mövcuddur. Qəti olan xüsusiyyət, onun Quran və Sünnəyə tam mənası ilə bağlı, dünyəvi işlərdən uzaq qalmağı diləyən, İslam tarixinin Cəməl, Siffin, Nəhrəvan kimi bədbəxt hadisələri sonunda göz yaşı töküb müxaliflərinin iman və hidayətləri üçün dua edəcək qədər həssas, təqva sahibi və idealist bir mömin olduğudur.
Ancaq şiə dünyası, onun İslam ictimaiyyətində qəbul edilmiş olan xüsusiyyətləri ilə kifayətlənməyib, bir firqə olaraq formalaşmalarındakı əsas və təməl ünsür olan imamət və hüququ üzərində təkidlə dayanır və bu məsələdə Qurani-Kəminin və Sünnənin məntiqi ilə çox vaxt uyğun gəlməyən bir çox əsassız rəvayətlər və hətta hədislər irəli sürür.
Onlara görə Əli b. Əbu Talib, bizzat Həzrəti Peyğəmbər tərəfindən Allahın əmri ilə özündən sonra ümmətin başına imam və xəlifə olaraq təyin edilmiş, Həzrəti Peyğəmbər də nübüvvətinin ilk illərindən başlamaq üzrə müxtəlif vəsilə və dəlillərlə bu mövğunu ümmətinə bildirmiş və ya göstərmişdir. Ancaq şiələrin bu görüşünü İslamın ümumi prinsipləri və hüquq anlayışı ilə uzlaşdırmaq mümkün görünmədiyi kimi, bunun böyük müsəlman çoxluğunun təfəkkürünə və tarixi həqiqətlərə də ziddir.