BAKI,VOA
Məhəmməd peyğəmbərin ən yaxın səhabələrindən biri, həmçinin onun katibi olmuş Abdullah ibn Rəvaha İslam tarixinin önəmli simalarından hesab olunur. Mədinənin Xəzrəc qəbiləsində anadan olan Abdullah, müsəlmanlığı qəbul etdikdən sonra ikinci Əqəbə beyətində mədinəlilərin ön sıralarında yer alaraq Allah Rəsuluna sadiqlik andı içmişdir.
Qəhrəmanlıq yolu və iştirak etdiyi döyüşlər
Abdullah ibn Rəvaha İslam dövlətinin qurulması və müdafiəsi naminə keçirilən bütün mühüm hərbi əməliyyatlarda iştirak etmişdir. O, Bədr, Uhud, Xəndək və Xeybər döyüşlərində müsəlman ordusunun sıralarında fəal vuruşmuş, böyük cəsarət nümayiş etdirmişdir.
Lakin onun hərb tarixinə düşən ən böyük qəhrəmanlığı 629-cu ildə baş vermiş Muta döyüşü ilə bağlıdır. Abdullah ibn Rəvaha bu döyüşdə müsəlmanların üçüncü komandiri kimi qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
İslamın söz ustadı: Şair və natiq səhabə
Abdullah ibn Rəvaha təkcə csur döyüşçü deyil, həm də olduqca istedadlı bir şair və natiq idi. O, Həssən ibn Sabit və Kab ibn Malik ilə birlikdə İslamın və Peyğəmbərin əsas müdafiəçilərindən ibarət "müsəlman şairlər" üçlüyünə daxil idi. O dövrün bütpərəst şairlərinin İslamın və Peyğəmbərin əleyhinə yazdığı təhqiramiz şeirlərə eyni kəskinlikdə və bəlağətdə mənzum cavablar verirdi.
Quranın "Şüəra" surəsinin (224-227-ci ayələr) təfsirində qeyd olunur ki, ayədəki “Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən...” ifadəsi məhz bu üç şair səhabəyə aiddir. Onlar öz qələmləri və dilləri ilə müşriklərin inkarını və zülmünü ifşa edirdilər.
Peyğəmbərimiz (s.a.s.) Abdullah ibn Rəvahanın söz sənəti haqqında belə buyurmuşdur:
“Onun şeirləri Qureyş müşriklərinə ox yağdırmaqdan daha təsirlidir”.
Abdullah ibn Rəvaha həm qılıncı, həm də qələmi ilə İslamın yayılmasında və müdafiəsində silinməz izlər qoymuşdur.