BAKI,VOA Analitik Təhlil Mərkəzi
XXI əsrin ən mühüm geosiyasi proseslərindən biri Çinin qlobal güc kimi yüksəlişi və bu yüksəliş fonunda ABŞ ilə formalaşan strateji rəqabətdir. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Pekinin iqtisadi, texnoloji və hərbi imkanlarının artması dünya nizamının gələcəyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, Çin haqqında aparılan çoxsaylı araşdırmalara baxmayaraq, bu ölkənin strateji düşüncə modeli, hərbi planlaşdırma prinsipləri və qərar qəbuletmə mexanizmləri hələ də kifayət qədər dərindən öyrənilməyib. Xüsusilə Çinin müharibəyə necə hazırlaşdığı, hansı tarixi mənbələrdən və nəzəri əsaslardan faydalandığı, ənənəvi hərbi düşüncə ilə müasir texnologiyaları necə uzlaşdırdığı qlobal təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.
Analitiklər hesab edirlər ki, hazırda beynəlxalq sistemdə əsas qarşıdurma yalnız iqtisadi və texnoloji rəqabətlə məhdudlaşmır. Çin qlobal güc statusunu möhkəmləndirməyə çalışdığı halda, ABŞ mövcud lider mövqeyini qorumağa səy göstərir. Bu rəqabət hərbi, siyasi, diplomatik, texnoloji və informasiya sahələrində eyni vaxtda davam edən çoxşaxəli mübarizə xarakteri daşıyır.
Son yarım əsrdə Çin dərin struktur dəyişiklikləri keçirib. Bu transformasiya yalnız daxili islahatlarla deyil, həm də qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində formalaşıb. Xüsusilə 1990-cı illərdən sonra rəqəmsallaşmanın geniş yayılması Çin cəmiyyətinin sosial və iqtisadi strukturunda mühüm dəyişikliklərə səbəb olub. Gənc əhalinin yeni texnologiyalara sürətlə inteqrasiya etməsi ölkənin modernləşmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirib.
Bu inkişaf prosesində xarici investisiyalar xüsusi rol oynayıb. Qərb şirkətlərinin istehsal müəssisələrini Çinə köçürməsi, yerli bazarın böyüklüyü və Çin hökumətinin həyata keçirdiyi iqtisadi siyasət ölkəni dünyanın aparıcı istehsal mərkəzlərindən birinə çevirib. Xüsusilə ölkənin şərq və cənub bölgələri qlobal sənaye istehsalının əsas bazalarından biri kimi formalaşıb.
Bununla yanaşı, Çin rəhbərliyi xarici şirkətlərlə əməkdaşlıq zamanı texnologiya transferi, yerli mühəndislərin və işçi qüvvəsinin hazırlanması, yerli istehsalçıların inkişaf etdirilməsi kimi şərtləri iqtisadi siyasətin ayrılmaz hissəsinə çevirib. Nəticədə ölkədə ənənəvi idarəetmə prinsipləri ilə müasir sənaye və texnologiyanın vəhdətini əks etdirən xüsusi inkişaf modeli formalaşıb.
Ekspertlər bu modeli "hibrid inkişaf" yanaşması kimi xarakterizə edirlər. Bu yanaşmada qədim Çin dövlətçilik ənənələri və strateji düşüncəsi müasir iqtisadiyyat, texnologiya və idarəetmə metodları ilə birləşdirilir. Məhz bu sintez Pekinin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biri hesab olunur.
Araşdırmalara görə, Qərb ölkələrində Çin iqtisadiyyatı geniş öyrənilsə də, ölkənin hərbi-strateji təfəkkürü və tarixi düşüncə məktəbləri barədə məlumat bazası hələ də məhduddur. Hətta ABŞ-də fəaliyyət göstərən bir sıra analitik mərkəzlər və universitetlər də Çinlə bağlı bilik boşluğunun mövcud olduğunu etiraf edirlər. Bu səbəbdən Pekinin gələcək addımlarını düzgün qiymətləndirmək üçün onun yalnız iqtisadi göstəricilərini deyil, həm də minilliklər ərzində formalaşmış strateji mədəniyyətini öyrənməyin vacibliyi vurğulanır.
Müasir Çin hərbi strategiyasını anlamaq üçün ölkənin minilliklər boyu formalaşmış strateji düşüncə məktəblərinə nəzər salmaq vacibdir. Ekspertlərin fikrincə, Pekinin bugünkü təhlükəsizlik və müdafiə konsepsiyası yalnız müasir texnologiyalara deyil, həm də qədim Çin hərbi fəlsəfəsinə əsaslanır.
Çin hərbi düşüncəsinin əsaslarının formalaşdığı dövr eramızdan əvvəl V–III əsrləri əhatə edən Döyüşən Dövlətlər dövrü hesab edilir. Həmin mərhələdə müxtəlif dövlətlər arasında fasiləsiz müharibələr gedir, hökmdarlar isə üstünlük qazanmaq üçün yeni strategiyalar hazırlayan hərbi məsləhətçilərə və filosoflara müraciət edirdilər. Bu şərait Çin tarixində ən mühüm strateji məktəblərin yaranmasına səbəb olub.
Tarixçilərin fikrincə, həmin dövrün ən məşhur strateqi Sun Tzu olub. Onun müəllifi olduğu "Müharibə sənəti" əsəri dünyanın ən çox öyrənilən hərbi-strateji kitablarından biri sayılır və bu gün də bir çox ölkələrin hərbi akademiyalarında tədris edilir. Lakin mütəxəssislər bildirirlər ki, Çin hərbi düşüncəsinin inkişafında təkcə Sun Tzu deyil, onun davamçısı hesab olunan Sun Bin də mühüm rol oynayıb.
Uzun illər itmiş hesab edilən Sun Binə aid əsər 1971-ci ildə bambuk lövhələr üzərində aşkar edildikdən sonra qədim Çin strategiyasının daha dərin qatlarını üzə çıxarıb. Araşdırmalara görə, Sun Bin müxtəlif dövlətlərə hərbi müşavir kimi xidmət göstərib, həm strategiya hazırlayıb, həm də döyüş meydanlarında ordulara rəhbərlik edib.
Sun Binin strategiyasında diqqət çəkən əsas prinsiplərdən biri düşmənin ən güclü nöqtəsinə deyil, ən zəif yerinə zərbə endirməkdir. Onun fikrincə, rəqib ordunun əsas qüvvəsi ilə birbaşa qarşıdurmaya girmək əvəzinə, arxa cəbhəni və müdafiəsiz qalan əraziləri hədəfə almaq düşmənin qüvvələrini parçalaya və döyüşün gedişini dəyişə bilər. Bu yanaşma sonradan Çin hərbi düşüncəsinin əsas elementlərindən birinə çevrilib.
Qədim strateq müharibəyə yalnız qələbə üçün əlverişli şərait yarandıqda başlamağı tövsiyə edirdi. Onun fikrincə, emosional qərarlar və "qələbə ehtirası" dövlət üçün ağır nəticələr doğura bilər. Buna görə də hərbi əməliyyatların əsasında rasional hesablamalar və dəqiq planlaşdırma dayanmalıdır.
Sun Bin ordunun idarə edilməsində çevik taktikanın vacibliyini də ön plana çəkirdi. O hesab edirdi ki, güclü ordu belə bütün imkanlarını açıq nümayiş etdirməməli, qüvvələrinin bir hissəsini gizli saxlamalı, düşmənin əsas planı tam məlum olduqdan sonra həlledici zərbəni endirməlidir. Bu yanaşma müasir hərbi nəzəriyyədə ehtiyat qüvvələrin qorunması və strateji qeyri-müəyyənlik prinsipləri ilə uyğunluq təşkil edir.
Sun Binin əsərlərində ordunun döyüş qabiliyyətinin yalnız silahlarla müəyyənləşmədiyi xüsusi vurğulanır. Onun fikrincə, hərbi uğur əsgərlərin hazırlıq səviyyəsi, komandirlərin peşəkarlığı, çevik idarəetmə, etibarlılıq və intizam kimi amillərdən asılıdır. Eyni zamanda o, uzunmüddətli müharibələrin dövlətin iqtisadi və sosial imkanlarını zəiflətdiyini, buna görə də qısa müddətdə nəticə verən əməliyyatların üstün tutulmasını tövsiyə edirdi.
Qədim strateq qələbənin beş əsas şərtini də müəyyənləşdirib. Bunlara hökmdarın etimadını qazanan komandanlıq, müharibə qanunlarını dərindən bilmək, vahid məqsəd ətrafında birləşmiş komandirlər, düşmənin vəziyyətini düzgün qiymətləndirmək və döyüş meydanının xüsusiyyətlərini dəqiq təhlil etmək daxildir. Əksinə, siyasi müdaxilə, komandirlər arasındakı parçalanma, kəşfiyyat imkanlarından istifadə edilməməsi və ordunun dəstəyinin itirilməsi məğlubiyyətin əsas səbəbləri kimi göstərilir.
Ekspertlərin qiymətləndirməsinə görə, bu prinsiplər yalnız qədim dövrə aid nəzəriyyə deyil. Müasir Çin hərbi planlaşdırmasında strateji səbir, zəif nöqtələrə yönəlmiş təzyiq, çevik idarəetmə və informasiya üstünlüyü kimi yanaşmaların kökləri məhz həmin fəlsəfəyə dayanır.
Çinin müasir hərbi və siyasi strategiyasını dəyərləndirən ekspertlər hesab edirlər ki, Pekinin qlobal güc kimi yüksəlişinin əsas səbəblərindən biri minilliklər ərzində formalaşmış strateji mədəniyyəti müasir texnologiya, diplomatiya və idarəetmə modelləri ilə birləşdirə bilməsidir. Bu yanaşma ölkənin təhlükəsizlik siyasətinin əsasını təşkil edir.
Analitiklərin fikrincə, qədim Çin hərbi fəlsəfəsinin mərkəzində müharibə aparmadan məqsədə çatmaq dayanır. Müasir dövrdə bu prinsip iqtisadi təsir, diplomatik fəallıq, texnoloji üstünlük və uzunmüddətli strateji planlaşdırma vasitəsilə həyata keçirilir. Bu baxımdan Çin birbaşa hərbi qarşıdurmadan daha çox rəqibini zəiflətməyə və üstünlük qazanmağa yönəlmiş çoxşaxəli strategiyaya üstünlük verir.
Ekspertlər vurğulayır ki, Çin döyüş sənətində olduğu kimi beynəlxalq münasibətlərdə də rəqibin gücündən onun əleyhinə istifadə etməyə çalışır. Bu yanaşma Uzaq Şərq döyüş sənətlərində formalaşmış prinsiplərlə səsləşir və müasir Çin strategiyasında iqtisadi, siyasi və diplomatik alətlər vasitəsilə özünü göstərir. Müəllif hesab edir ki, Pekin xarici təzyiqlərə sərt eskalasiya ilə deyil, uzunmüddətli və hesablanmış cavab mexanizmləri ilə reaksiya verməyə üstünlük verir.
Ekspertlər bildirirlər ki, Çin strateji düşüncəsində insan kapitalının hazırlanması xüsusi əhəmiyyət daşıyır. Qədim mənbələrdə hərbi uğurun yalnız silah və say üstünlüyündən deyil, liderlik keyfiyyətindən, intizamdan və hazırlıq səviyyəsindən asılı olduğu vurğulanır. Bu yanaşmanın müasir Çin ordusunun hazırlıq konsepsiyasında da öz əksini tapdığı qeyd edilir.
Həmçinin qədim Çin strateqlərinin rasionallığa verdiyi önəm diqqətə çatdırılır. Müharibəyə yalnız qələbə ehtimalı yüksək olduqda başlamaq, emosional qərarlardan çəkinmək və uzunmüddətli hazırlığa üstünlük vermək bu yanaşmanın əsas elementləri kimi göstərilir. Analitiklər bu prinsiplərin müasir beynəlxalq münasibətlərdə də aktuallığını qoruduğunu qeyd edir.
Araşdırmaçıların fikrincə, Çin kəşfiyyatda da dünyanın ən qapalı ölkələrindən biri olaraq qalır. Qərb dövlətlərinin kəşfiyyat strukturları barədə geniş məlumat mövcud olsa da, Çin xüsusi xidmət orqanlarının fəaliyyət mexanizmləri, kadr hazırlığı və əməliyyat metodları barədə açıq məlumatlar olduqca məhduddur. Bu isə Pekinin strateji üstünlüklərindən biri hesab olunur.
Bildirilir ki, Pekin uzun illər beynəlxalq arenada özünü əməkdaşlığa açıq və iqtisadi inkişafı prioritet hesab edən dövlət kimi təqdim edib. Bu davranış modelini yalnız diplomatik etiket deyil, həm də strateji yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilir.
Müdafiə siyasəti baxımından isə Çin əsas diqqəti hücum imkanlarının genişləndirilməsindən daha çox müdafiə potensialının gücləndirilməsinə yönəldir. Qeyd olunur ki, ölkənin raket proqramı, hava hücumundan müdafiə sistemləri, dəniz qüvvələri və kosmik imkanları ilk növbədə milli təhlükəsizliyin təmin edilməsinə hesablanıb. Bu yanaşma "ilk zərbə endirməmək, lakin istənilən hücuma daha güclü cavab vermək" prinsipi ilə izah edilir.
Ekspertlər hesab edir ki, Çin XX əsrin böyük müharibələrindən nəticə çıxararaq qlobal rəqabətdə fərqli yol seçib. Bu model birbaşa hərbi ekspansiyadan daha çox iqtisadi inkişaf, texnoloji modernləşmə, müdafiə qabiliyyətinin artırılması və uzunmüddətli strateji planlaşdırmaya əsaslanır. Son illərdə müxtəlif regional münaqişələrdə müşahidə olunan bəzi müdafiə yönümlü yanaşmaların da bu strategiyanın təsirini əks etdirdiyi vurğulanır.
Həmçinin vurğulanır ki, ABŞ və Çin arasında davam edən strateji rəqabət təkcə iki dövlətin qarşıdurması deyil, eyni zamanda fərqli siyasi, iqtisadi və mədəni inkişaf modellərinin mübarizəsidir. Ekspertlər hesab edir ki, bu prosesdən Türkiyə də kənarda qalmayacaq. Çin iqtisadiyyatının artan təsiri, Orta Asiyada geosiyasi rəqabətin güclənməsi və qlobal ticarət marşrutlarının dəyişməsi fonunda Ankaranın da bu yeni geosiyasi reallığı diqqətlə izləməsi vacibdir.
Beləliklə, analitiklər nəticə olaraq qeyd edir ki, Çini yalnız iqtisadi və ya hərbi göstəricilər əsasında qiymətləndirmək kifayət deyil. Ölkənin bugünkü siyasətini anlamaq üçün onun minilliklər boyu formalaşmış strateji düşüncə sistemi, mədəni irsi və dövlətçilik ənənələri də kompleks şəkildə öyrənilməlidir.